Siyasət

AHİK-in V qurultayı 2018-ci ildə keçiriləcək prezident seçkilərində İlham Əliyevin namizədliyinin irəli sürülməsi haqqında qərar qəbul edib

05-02-2018 | 16:46        

  

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 5-ci qurultayı işə başlayıb. Qurultay 2018-ci ildə keçiriləcək növbədənkənar prezident seçkilərində İlham Əliyevin namizədliyinin irəli sürülməsi haqqında qərar qəbul edib.

Sıralarında 1 milyon 500 minə yaxın üzvü birləşdirən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası respublikamızın ən böyük ictimai təşkilatıdır. Təşkilatın qurultayında ictimai-siyasi xadimlər, sahə həmkarlar ittifaqları təşkilatlarından 1300-dək nümayəndə, dövlət və hökumət rəsmiləri, eləcə də 30 ölkədən 85 nəfər beynəlxalq həmkarlar ittifaqı liderləri və fəalları iştirak etdilər. Qurultayı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının və Pan Avropa Regional Şurasının vitse-prezidenti Səttar Möhbalıyev açdı. Azərbaycanın dövlət himni səsləndirildikdən sonra qurultayın gündəliyi təsdiq edildi və rəhbər orqanların - rəyasət heyətinin, redaksiya, mandat və hesablayıcı komissiyaların tərkibi və katibliyin üzvləri seçildi. Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov dövlət başçısı İlham Əliyevin qurultay iştirakçılarına təbrik məktubunu oxudu. Qrumun sədri Səttar Möhbalıyev Prezident İlham Əliyevin qurultay iştirakçılarına təbrik məktubuna və həmkarlar ittifaqları təşkilatlarının 114 üzvünün təltif olunması barədə sərəncamlar imzalamasına görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzvləri adından dövlətimizin başçısına minnətdarlığını bildirdi. Sonra Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının prezidenti Joao Felisio, Rusiya Müstəqil Həmkarlar İttifaqları Federasiyasının prezidenti Mixail Şmakov, Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, Sahibkarlar - İşəgötürənlər Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Pan Avropa Regional Şurasının prezidenti İrakli Petaraşvili, Türk-İş Həmkarlar İttifaqları Konfederasiyasının sədri Ergün Atalay, Türkiyənin Hak-İş Həmkarlar İttifaqları Konfederasiyasının sədri Mahmud Aslan, Kamu-Sen Həmkarlar İttifaqları Konfederasiyasının sədri İsmayıl Koncuk, Məmur-Sen Həmkarlar İttifaqları Konfederasiyasının sədri Əli Yalçın, Avrasiya Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqları Federasiyasının sədri Cemail Bakındı çıxış edərək təbriklərini çatdırdılar. Onlar Azərbaycanın uğurlarına sevindiklərini bildirərək, görülən işlərin göz qabağında olduğunu vurğuladılar. Qeyd olundu ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının fəaliyyəti bir çox ölkələr üçün nümunədir. Daha sonra Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxış etdi. “Bilirik ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının qurultaylarında həmişə İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürürsünüz”, - deyən Əli Həsənov bu dəfə də bütün həmkarlar ittifaqları işçilərini İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləməyə çağırdı. Prezidentin köməkçisi qeyd etdi ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının növbəti qurultayı ölkəmizin sosial-iqtisadi inkişafının keyfiyyətcə yeni – dərin islahatlarla səciyyələnən yüksəliş mərhələsinə qədəm qoyduğu, cəmiyyətimizin ictimai-siyasi və mədəni həyatında dinamik proseslərin getdiyi, xalqımızın tarixinin həm acı, həm də əlamətdar hadisələrini qeyd etməyə hazırlaşdığımız bir dövrə təsadüf edir. Bu ilin mayında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 ili, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 ili tamam olur. Gələn ay isə Azərbaycan xalqının məruz qaldığı ağır faciələrdən birinin – erməni millətçiləri tərəfindən 1918-1920-ci illərdə törədilən soyqırımının da 100-cü ildönümüdür. Bu il ölkəmizin həyatında həm də çox mühüm siyasi kampaniyanın – Prezident seçkilərinin keçiriləcəyini deyən Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi həmkarlar ittifaqları təşkilatlarının da ölkə həyatının ümumi axarından kənarda qalmayacaqlarını, öz fəaliyyətini həmin məsələləri nəzərə almaqla quracaqlarını diqqətə çatdırdı. Azərbaycan həmkarlar ittifaqlarının bir əsrdən artıqdır fəaliyyət göstərdiyini deyən Əli Həsənov ölkənin bu ən kütləvi ictimai təşkilatının keçdiyi tarixi yola nəzər saldı. Bildirdi ki, 1993-cü ildə ümummilli lider Heydər Əliyevin Azərbaycanda ali siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycan həmkarlar ittifaqları öz inkişafının yeni mərhələsinə qədəm qoydu, bu qurumların fəaliyyəti fərqli məzmun kəsb etməyə başladı. Bu siyasəti davam etdirən Prezident İlham Əliyevin sərəncamları ilə 2003-2005-ci və 2008-2015-ci illərdə ölkəmizdə yoxsulluğun azaldılması və davamlı inkişaf üzrə Dövlət proqramları qəbul edildi və uğurla icra olundu. Prezident İlham Əliyevin siyasi xəttinin mərkəzində Azərbaycan vətəndaşının, onun mənafeyinin dayandığını diqqətə çatdıran Əli Həsənov dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasətin nəticəsində ölkəmizdə ictimai-siyasi və makroiqtisadi sabitliyin davamlı xarakter aldığını, dinamik sosial-iqtisadi inkişaf və modernləşmə dövrünün başladığını söylədi. Prezidentin köməkçisi qeyd etdi ki, 14 il ərzində ölkə iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft sektoru 2,8 dəfə artıb. Hazırda Azərbaycanda işsizlik 5 faiz, yoxsulluq isə 5,4 faiz təşkil edir. Ötən 14 il ərzində maaşlar 5 dəfədən, pensiyalar isə 8 dəfədən çox artıb. Əhalinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı dövlət büdcəsindən ayırmalar ilbəil artaraq 30 faizi ötüb. Ölkədə sosial sahənin inkişafının Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın fəaliyyətində də mühüm yer tutduğunu vurğulayan Əli Həsənov bildirdi ki, Mehriban Əliyeva daim təhsil, səhiyyə və mədəniyyətlə bağlı məsələlərə, aztəminatlı və qayğıya ehtiyacı olan insanlara xüsusi həssaslıqla yanaşıb, bu istiqamətlərdə çoxsaylı proqramların reallaşdırılmasına nail olub. Həmçinin vurğulandı ki, doğma torpaqlarından didərgin düşmüş soydaşlarımızın üzləşdiyi ağır problemlərin həlli Birinci vitse-prezident kimi Mehriban Əliyevanın daim diqqət mərkəzindədir. İndiki dövrdə həmkarlar təşkilatları dövlətimizin onlara yaratdığı şəraitə adekvat olaraq Prezident İlham Əliyevin həyata keçirdiyi sosialyönümlü siyasətə layiqli dəstək verməli  və  səmərəli əməkdaşlığın dərinləşdirilməsinə diqqəti artırmalıdır. Sonra mandat komissiyasının hesabatı dinlənildi. Qurultay 2018-ci ildə keçiriləcək növbədənkənar prezident seçkilərində İlham Əliyevin namizədliyinin irəli sürülməsi haqqında qərar qəbul etdi. Qurultay nümayəndələri qarşıdakı seçkilərdə namizədliyinin irəli sürülməsinə razılıq verməsi barədə Prezident İlham Əliyevə müraciət etdilər.

Qurultaya gələn qonaqlar fikirlərini bölüşərək, qurultayın yüksək səviyyədə təşkil edildiyini qeyd etdilər, ölkəmizin inkişafından danışdılar.