Mədəniyyət

Xalq artisti, bəstəkar Qara Qarayevin 100 illik yubileyi qeyd olunur

05-02-2018 | 13:00        

  

 

Dövlət başçısının sərəncamı ilə bu il  görkəmli bəstəkar  Qara Qarayevin   100 illik yubileyi  təntənə ilə qeyd  olunur. Bu münasibətlə  tanınmış mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri Fəxri Xiyabana gələrək  unudulmaz bəstəkarı bir daha yad ediblər.   

XX əsr musiqi mədəniyyətimizin görkəmli nümayəndələrindən olan  Qara Qarayev zəngin yaradıcılığı və möhtəşəm sənət dünyası ilə hər zaman  diqqət mərkəzindədir. Böyük Üzeyir Hacıbəylidən dərs almış dünya şöhrətli bəstəkarın bütün əsərləri bəşəri xarakter daşıdığından onun ədəbi irsi yalnız bir xalqın deyil, dünya mədəniyyətinin incilərindən sayılır. Qara  Qarayevin bədii təfəkküründən süzülən hər bir musiqi əsəri təsirli, düşündürücü fikir və ideyalarla zəngindir. 5 fevral   unudulmaz bəstəkarın doğum günüdür.  Qara Qarayevin  xatirəsinin işığına yığışanlar görkəmli musiqiçinin həyat və fəaliyyətinə bir daha nəzər saldılar. Qeyd olundu ki, bu gün cismən  aramızda olmasa da, musiqilərini müntəzəm dinlədiyimiz, əsərlərindəki möhtəşəmliyə dönə-dönə heyrət etdiyimiz dahi bəstəkar hər zaman qəlblərdə və sənət tariximizdə yaşayacaq.

Azərbaycan və dünya musiqi mədəniyyətinə böyük töhfələr verən  Qara Qarayev    milli və bəşəri xarakterli yaradıcılığı ilə  hər zaman xatırlanacaq.