Siyasət

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Endryu Şefer və ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta məcburi köçkünlərlə görüşüb

05-02-2018 | 11:56        

  

Ölkəmizdə səfərdə olan ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Endryu Şefer və ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta Masazır qəsəbəsində məcburi köçkünlər üçün salınan  məhəllədə yaradılan şəraitlə tanış olublar.

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Endryu Şefer və ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekutaya məlumat verildi ki, məhəllədə 760 məcburi köçkün ailəsi müvəqqəti məskunlaşıb və torpaqlarımız işğaldan azad edildikdən sonra onlar öz doğma torpaqlarına qayıdacaqlar. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov və Zəngilan rayon icra hakimiyyətinin başçısı Ramiz Həsənov bildirdilər ki, bu günə qədər 265 min qaçqın və məcburi köçkün müvəqqəti yaşayış üçün yeni qəsəbələrə köçürülüb. Sonra ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Endryu Şefer və ABŞ-nın ölkəmizdəki səfiri Robert Sekuta Zəngilandan olan məcburi köçkünlərlə görüşdülər. Bildirildi ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində tarixi torpaqlarımız olan Dağlıq Qarabağ və ətraf 7 rayon işğal olunub, bu ərazilərdə etnik təmizləmə siyasəti aparılıb, bir milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Qonaqların diqqətinə çatdırıldı ki, nüfuzlu beynəlxalq qurumların Ermənistanın işğalçılıq siyasətini pisləyən, dərhal və qeyd-şərtsiz işğal olunan Azərbaycan torpaqlarından çıxarılmasını tələb edən qərar və qətnamələrinin olmasına baxmayaraq, işğalçı ölkə bunların heç birinə əməl etmir. ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta diqqətə çatdırdı ki, rəsmi Vaşinqton münaqişənin dinc yolla həllinin tərəfdarıdır və bu istiqamətdə səylərini artıracaq. Səfir məcburi köçkün ailələrinin yaşayış şəraiti ilə tanış oldu, Zəngilan rayonundan olan məcburi köçkün Ərşad Piriyevin mənzilinə baxdı. Ev sahibi məhəllədə məcburi köçkünlər üçün yaradılan yüksək şəraitdən danışdı, ən böyük arzularının doğma yurdlarına qayıtmaq olduğunu dedi.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (17.11.2018) :
Azbuludlu Gecə : +8+10 | Gündüz: +14+16
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR