Bölgələr

Bölgələrdə keçirilən tədbirlərdə gənclərin son illərdə qazandıqları uğurlar diqqətə çatdırılıb

02-02-2018 | 15:21        

  

Gənclər bizim gələcəyimizdir. Müasir Azərbaycanda bu adi şüar ya sloqan deyil, reallıqdır. Çünki gənclərin savadına, ağlına, bacarığına arxalanıb, ölkəmizin gələcəyi üçün arxayın olmaq mümkündür. Dövlətin gənclər siyasəti də onların vətənpərvər insan və peşəkar kadr kimi formalaşmasına şərait yaratmaqla yanaşı sosial problemlərin həllinə də dəstək verir. Bu gün - fevralın 2-si onların günüdür. Bununla bağlı bölgələrdə keçirilən tədbirlərdə gənclərin son illərdə qazandıqları uğurlar diqqətə çatdırılıb.   

Gəncədə keçirilən tədbirdə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bu sahədə dövlət siyasətinin uğurlu nəticələrindən və şəhər gənclərinin bu prosesdə iştirakından danışıb. Gənclər və İdman Baş İdarəsinin rəisi Müşviq Cəfərov yerli əhalinin 31 faizinin gənc olduğunu, onların şəhərin ictimai-siyasi həyatında fəallığından söz açıb. Bu barədə videoçarx  nümayiş olunub. Sonra gənclərin bir qrupu mükafatlandırılıb.  Tədbir iştirakçıları gənclər təşkilatlarının fəaliyyətini əks etdirən sərgiyə də baxıblar.

Gənclərlə iş dövlət siyasətinin mühüm qollarından biridir. Abşeron rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova bunu vurğulayıb. Yeni nəslin təhsilinin, mənəvi-əxlaqi tərbiyəsinin diqqət mərkəzində saxlandığı da diqqətə çatdırılıb. Çıxışlarda ötən il rayon gənclərinin əldə etdikləri uğurlar  qeyd olunub. Müxtəlif sferalarda aktivliyi ilə seçilən gənclər  mükafatlandırılıb. Tədbir konsert proqramı ilə davam edib.

Göyçaylı gənclər əlamətdar günə əl işlərindən ibarət sərgini ərməğan ediblər.  Əsərlərin bəziləri fiziki məhdudiyyətlərin yaradıcılıq, uğur, yüksəliş üçün heç zaman əngəl olmadığına daha bir sübut olub. Rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə də Azərbaycanda bütün gənclərin müxtəlif sahələrdə bilik və bacarıqlarını göstərmələri üçün geniş imkanların yaradıldığını vurğulayıb. Prezident İlham Əliyevin “uğurumuzun aparıcı qüvvəsi” adlandırdığı ölkə gənclərinin, o cümlədən göyçaylıların da yaradılan şəraitdən tam  faydalandığı nəzərə çardırılıb. Belə ki, rayonda müasir Olimpiya İdman Kompleksi, Gənclər Mərkəzi fəaliyyət göstərir. Mərkəzi stadion əsaslı şəkildə yenidən qurulub. Ağsaqqallar da gənclərlə fəxr etdiklərini bildirib, onlara uğurlar arzulayıblar. Elə uğurları ilə seçilən fəallar mükafatlandırılıb. Tədbir konsert proqramı ilə yekunlaşıb.

İsmayıllıda keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov gəncləri təbrik edərək, onların potensilından danışıb, habelə təhsildə, işdə və idmanda daha böyük nailiyyətlər qazanmağı diləyib. Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov rayonda gənclər üçün geniş imkanların yaradıldığını, onların hər bir  təşəbbüsünün dəstəkləndiyini bildirib. Gənclərin bir qrupu mükafatlandırılıb.  Tədbir konsert proqramı ilə başa çatıb.

Lənkəranda keçirilən tədbirdə Şəhər İcra hakimiyyəti başçısı Taleh Qaraşov bildirib ki, dövlət gənclər siyasətinin uğurlu icrasının nəticəsində gənclər ictimai-siyasi həyatın bütün sahələrində aktiv iştirak edirlər.  Gənclər və İdman İdarəsinin rəisi Yalçın Əhmədov də ötən il təhsil və idman sahəsində nailiyətlər əldə edən rayon gənclərindən danışıb. Sonra tədbir Gənclər Mərkəzində konsert proqramı ilə davam etdirilib..

Zərdabda keçirilən toplantıda rayon icra hakimiyyəti başçısının birinci müavini Rəhman Feyzullayev, Gənclər və İdman idarəsinin rəisi  İlkin Əliyev rayonun ictimai-siyasi həyatında, təhsil sahəsində gənclərin qazandıqları nailiyyətləri diqqətə çatdırıblar. Qeyd edilib ki, ötən il Zərdablı idmançılar müxtəlif yarışlarda 38 medal qazanıblar.

Zaqatalada keçirilən tədbirdə gənclər və idman idarəsinin rəisi Araz Əliyev rayon gənclərinin ötən ilki uğurları barədə məlumat verib. İcra hakimiyyəti başçısı Mübariz Əhmədzadə gənclər üçün yaradılan  şəraitdən danışaraq, Gənclər Mərkəzinin, Olimpiya-İdman Kompleksinin, idman zallarının onların fəaliyyəti üçün böyük imkanlar açdığını bildirib. İntellekti, bacarığı, təşəbbüskarlığı ilə seçilən gənclərin bir qrupu mükafatlandılırb. Tədbir konsert proqramı ilə yekunlaşıb.

Biləsuvarda keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev gənclər siyasətinin formalaşmasında ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlərini,  bu siyasəti prezident İlham Əliyevin uğurla davam etdirdiyini bildirib. Gənclər və İdman idarəsinin rəisi Aqşin Bağırov ölkəmizin savadlı, bacarıqlı, vətənpərvər gəncləri ilə güclü olduğunudiqqətə çatdırıb.

Tərtərdə keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahov  gənclərin ölkənin ictimai-siyasi həyatındakı aktiv rolundan, qazandıqları uğurlardan danışıblar. Çıxışlarda rayonda ən müasir standartlara cavab verən Gənclər Mərkəzinin, Uşaq-Gənclər Şahmat Məktəbinin, idman meydançalarının tikildiyi bildirilib. Sonra fəal gənclər mükafatlandırılıb. Konsert proqramımaraqla qarşılanıb.

Ağcabədidə keçirilən tədbirdə Gənclər və İdman İdarəsinin rəisi Rüfət Quliyev gənclərin Ağcabədinin ictimai-siyasi həyatındakı rolundan danışıb. Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov gəncləri təbrik edərək, dövlət gənclər siyasətinin uğurlarından danışıb. Bir qrup gəncə fəxri fərmanlar təqdim edilib. Gənclərə bu əlamətdar gündə maraqlı konsert proqramı da həsr olunub.

Ağsu rayonunda yeni nəslin sağlam böyüməsi, onların fiziki və mənəvi inkişafı, geniş potensialları  daim diqqət mərkəzindədir. Rayon İcra Hakimiyyəti başçısı Ənvər Seyidəliyev bu istiqamətdə görülən işlər barədə ətraflı məlumat verib. Ağsuda da dövlətini sevən, bilikli və vətənpərvər gənclər ordusunun olduğunu deyib. Gənclər də ölkədə onların cəmiyyətdə layiqli yer tutmalarını təmin edən şəraitin yaradılması üçün ölkə başçısına minnətdarlıq ediblər. Bəzi aktiv gənclər tədbirdən mükafatlarla ayrılıb.

Gənclər Günü Balakən rayonunda da qeyd olunub. Bayram münasibətilə təbriklərini çatdıran rayon icra hakimiyyətinin başçısı İslam Rzayev dövlət gənclər siyasətinin uğurlu icrasından danışıb. Bu sahədə atılan hər addımın sayəsində Azərbaycan gəncliyinin öz dövləti və lideri  ətrafında daha sıx birləşməsi vurğulanıb. 2017—ci ilin Balakənin “gənclər paytaxtı” olduğunu xatırladan Rayon gənclər və idman idarəsinin rəisi Rasim Paçalov bu layihə çərçivəsində görülən işlər barədə məlumat verib. Gənclərin bir qrupu mükafatlandırılıb.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (17.11.2018) :
Azbuludlu Gecə : +8+10 | Gündüz: +14+16
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR