Cəmiyyət

2 Fevral Gənclər günüdür

02-02-2018 | 09:56        

  

2 fevral Azərbaycan gəncləri günüdür. Ölkəmizdə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti bu gün daha qətiyyətlə davam etdirilir. İndi Azərbaycanın hər yerində gənclər öz bayramlarını böyük iftixarla, həmçinin qazandıqları uğurlarla qeyd edirlər.

Ölkəmizdə gənclər siyasətinin əsasını qoyan ümummilli lider Heydər Əliyev gəncləri Azərbaycanın gələcək qurucuları adlandırır, onların imkan və bacarıqlarını yüksək qiymətləndirirdi. Gənclər, İdman və Turizm Nazirliyinin yaradılması bu sahədə mühüm tədbirlərin həyata keçirilməsinə geniş imkan verdi. Müstəqil Azərbaycan gənclərinin ilk ümumrespublika forumunun keçirilməsi, 2 fevralın Azərbaycan gəncləri günü elan edilməsi, dövlət proqramlarının qəbulu Heydər Əliyevin gənclərə böyük qayğısı idi...

Prezident İlham Əliyevin bu istiqamətdə qəbul etdiyi qərarlar, təsdiq etdiyi dövlət proqramları da uğurla icra olunur və öz müsbət nəticələrini verir. 2006-cı ildə Dövlət başçısının Fərmanı ilə Gənclər və İdman Nazirliyi yenidən təşkil olundu, gənclər siyasətinin əsas icra orqanı qarşısında yeni vəzifələr qoyuldu...

Dövlətimiz ölkənin sabahını etibar edəcəyi yeni nəslin hazırlanmasına xüsusi önəm verir, onların təhsili, ailə, məişət, məşğulluq məsələlərinin həlli daim diqqət mərkəzində saxlanılır. Dövlət başçısının Fərmanı ilə Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun yaradılması, paytaxt və rayonlarda “Gənclər evi”nin, “Gənclər mərkəzi”nin istifadəyə verilməsi gəncliyin uğurlu gələcəyinə hesablanıb. İndi ölkəmizdə 30-dan çox “Gənclər evi” fəaliyyət göstərir.

...Gənclərlə bağlı dövlət siyasətindən danışarkən bu istiqamətdə həyata keçirilən Dövlət Proqramlarını xüsusi qeyd etmək lazımdır. 2005-2009-cu və 2011-2015-ci illəri əhatə edən Azərbaycan Gəncliyi Dövlət Proqramlarıın uğurlu icrası müsbət nəticələr verdi. Prezident İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı da gəncliyin rifahına hesablanan dövlət qayğısını bir daha ortaya qoydu.

...Dövlət başçısının gənclərin xaricdə təhsil almasına dəstək verən Dövlət Proqramları isə bütün təbəqədən olan gənclərin xaricdə təhsilinə geniş imkanlar yaradıb. 2007-ci il Azərbaycanda “Gənclər ili” elan edildi və bu çərçivədə silsilə tədbirlər həyata keçirildi. Ölkəmizdə istedadlı gənclərə qayğı da yüksək səviyyədədir. Bunun nəticəsidir ki, 2011-ci il mayın 14-də Almaniyanın Düsseldorf şəhərində keçirilən 56-cı, “Avroviziya-2011” mahnı müsabiqəsində ölkəmizi təmsil edən gənclər qələbə qazandılar. Bu qələbə mötəbər yarışmanın 2012-ci ildə Az-nda keçirilməsinə səbəb oldu...

....İndi Azərbaycan, həm də “ASAN” brendinin müəllifidir. “ASAN xidmət” ictimai münasibətlərin və xidmətlərin müasir modelidir. “ASAN xidmət”də işləyənlərin, xüsusilə könüllülərin əksəriyyəti gənclərdir. Və Prezident İlham Əliyevin dediyi kimi, bu xidmətdə, öz Vətəninə bağlı olan bilikli, savadlı, ləyaqətli gənclər yetişir.

Ölkəmizdə çox sayda gənclər təşkilatı fəaliyyət göstərir, minlərlə gənc lider yetişib. Azərbaycan gənclərin xarici ölkələrdə təşkilatlanması da uğurla gedir. “Rusiyanın Azərbaycanlı gənclər təşkilatı”, qurumun sədri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşan layihələr Azərbaycan gəncliyinin Rusiya və dünyadaki maraqlarını layiqincə təmsil edir.

...Gənclər siyasətində idmanın inkişaf etdirilməsi, onun kütləviliyinin artırılması da mühüm yer tutur. Indi, demək oar ki, bütün bölgələrdə də olimpiya idman kompleksləri fəaliyyət göstərir. 1997-ci ildən Milli Olimpiya Komitəsinə rəhbərlik edən Prezident İlham Əliyevin ardıcıl səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkəsinə çevrilib.

....Prezident İlham Əliyevin Sərəncamı ilə “İdman ili” elan edilən 2012-ci ildə idmançılarımız 30-cu London Yay Olimpiya oyunlarında uğurla çıxış etdilər. Ölkəmiz London Olimpiadasında idmanın 16 növü üzrə 53 idmançı ilə təmsil olundu, 2 qızıl, 2 gümüş və 6 bürünc medal qazanmaqla bundan qabaqkı olimpiya oynlarındakı uğurlarını təzələdi...

....Dövlətin uğurlu idman siyasəti artıq Azərbaycanı mötəbər beynəlxalq idman yarışlarının məkanına çevirib. Ölkəmizdə idmanın müxtəlif növləri üzrə dünya çempionatları ugurla kecirilir. 2012-ci ilin sentyabrında futbol üzrə 17 yaşlı qızlar arasında dünya çempionatı da bu sıradandır.

...Azərbaycan 2015-ci il iyununda I Avropa Oyunlarına da eyni uğurla ev sahibliyi etdi. Bu Oyunların Azərbaycanda keçirilməsi ilə bağlı tarixi qərar ölkəmizdə idman sahəsində görülən işlərin nəticəsi, Avropa Olimpiya ailəsinin Azərbaycana verdiyi yüksək qiymət idi. Prezident İlham Əliyevin və I Avropa Oyunlarının Bakıda kecirilməsi üzrə Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın qətiyyəti ilə Azərbaycan dünyaya ilk Avropa Oyunlarının yeni standartlarını təqdim etdi. 50 ölkədən 6 min idmançının qatıldığı yarışlar idmançılarımız üçün də əsl sınaq, mübarizə, qələbə meydanına çevrildi. Onlar 20 idman növündə keçirilən yarışlarda 21 qızıl, 15 gümüş, 20 bürünc, ümumilikdə 56 medal qazanmaqla medal sayına görə Azərbaycanı I Avropa Oyunlarında 2-ci etdilər.

...Gənclər, xüsusilə könüllülər də “Bakı-2015” ilk Avropa Oyunlarına böyük töhfə verdilər. Onlar Azərbaycanın gənc, müasir və qonaqpərvər bir ölkə olmasını dünyaya göstərmək üçün əsl fədakarlıq göstərdilər. Dövlətimizin başçısı könüllülərin fəaliyyətini də yüksək qiymətləndirdi.    

2016-cı ildən Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından biri – Formula I Avropa Qran-prisi keçirilməyə başladı. Bu, müstəqillik tarixində Azərbaycanın növbəti qitə əhəmiyyətli mötəbər idman yarışına ev sahibliyi demək idi...

...2016-cı ildə Bakıda keçirilən idman yarışları arasında 42-ci Ümumdünya şahmat olimpiadasını da qeyd etmək lazımdır. 175 ölkənin təmsil olunduğu bu mötəbər yarış iştirakçı ölkələrin sayına görə Olimpiada tarixinə rekord kimi daxil oldu...

...Bu uğurlar seriyasını Rio de Janeyroda keçirilən Yay Olimpiya Oyunlarında idmançılarımızın yeni nailiyyətləri davam etdirdi. Azərbaycan Rio Olimpiadasında 17 idman növündə 56 idmançıyla təmsil olundu. Və tarixində ilk dəfə olaraq aktivinə 18 medal yazdı. Medalların sayına görə Azərbaycan komandası 14-15-ci yerləri bölüşdü. Avropa ölkələri arasında 7-ci, keçmiş Sovet respublikaları arasında 2-ci, müsəlman ölkələri arasında isə 1-ci yerdə qərarlaşdı...

...Ölkəmiz Prezident İlham Əliyevin “İslam Həmrəyliyi İli” elan etdiyi 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına da uğurla ev sahibliyi etdi. Azərbaycanın Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın mükəmməl təşkilatçılığı ilə oyunlar yüksək səviyyədə keçirildi. 54 ölkə, 3 mindən çox idmançının iştirakı ilə keçirilən yarışlarda idmançılarımız 75 qızıl, 50 gümüş, 37 bürünc, cəmi 162 medal qazanaraq komanda hesabında birinci oldular. Bu mötəbər idman tədbirləri sübut etdi ki, Azərbaycan artıq, həm də dünyanın idman mərkəzlərindən birinə çevrilir...

....Bu, sabaha və uğurlara hesablanan, sağlam və intellektual nəslin formalaşmasına xidmət edən bir siyasətdir, Azərbaycanın gələcəyinə qoyulan sərmayədir. Bütün bunlar isə o deməkdir ki, Azərbaycan sağlam gəncliyi və sağlam gələcəyi olan ölkədir...