İqtisadiyyat

Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda yenidənqurma işləri həyata keçirilir

02-02-2018 | 08:46        

  

Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu yenidən qurulur. Zavodda təzə qurğuların tikintisi ilə bağlı  SOCAR-la İtaliyanın “Maire Tecnimont” şirkətinin törəmə qurumu olan “Tecnimont və Kinetics Technology” Alyansı arasında müqavilə imzalanıb.

Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda aparılacaq modernizasiya və rekonstruksiya işlərindən sonra müəssisədə Avro-5 standartına cavab verəcək yüksək keyfiyyətli dizel, benzin və digər yanacaq məhsullarının istehsalı təmin ediləcək. Müqaviləyə əsasən, zavodda aparılacaq yenidənqurma işləri çərçivəsində 10-dan çox istehsal qurğusunun tikintisi nəzərdə tutulur. SOCAR-ın prezidenti Rövnəq Abdullayevin sözlərinə görə, bu əməkdaşlıq yaxın illərdə Azərbaycanın daxili bazarını yüksək keyfiyyətli yanacaqla təmin etməyə, ölkəmizin ixrac gəlirlərini artırmağa imkan yaradacaq. “Maire Tecnimont” şirkətlər qrupunun baş icraçı direktoru Pierroberto Folgiero isə vurğuladı ki, “Azərbaycanda həyata keçirdikləri iki strateji neft-kimya layihəsindən sonra, bu müqavilə emal işində SOCAR ilə məhsuldar münasibətlər qurmağa, neft-kimya sənayesi ilə inteqrasiya strategiyasını dəstəkləməyə şərait yaradacaq. Qeyd edildi ki, modernizasiya işlərinin 2021-ci ildə başa çatdırılması planlaşdırılıb. Birinci mərhələdə 2018-ci ildə yeni bitum qurğusu və müvafiq ümumzavod təsərrüfatı qurğuları, eləcə də yeni maye qazdoldurma məntəqəsi tikilib istismara veriləcək. İkinci mərhələdə 2020-ci ilin sonunadək “Avro-5” keyfiyyət standartına cavab verən dizel yanacağının alınması üçün yeni qurğuların inşası və müvafiq yenidənqurma işləri müəyyənləşdirilib. Sonuncu  mərhələdə isə 2021-ci ilin əvvəlinədək “Avro-5” keyfiyyət standartına cavab verən Aİ-92/95/98 benzin məhsullarının istehsalı üçün müvafiq yeni qurğuların inşası nəzərdə tutulub.

Modernizasiya layihəsi istehsal həcmini ildə 7,5 milyon tona çatdırmağa imkan verəcək. Rekonstruksiya ölkəmizin ixrac potensialını və Neft Emalı Zavodunun  gəlirliliyini artıracaq, həmçinin “Azərikimya” İB-nin sabit xammal təchizatını təmin edəcək.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (17.02.2018) :
Buludlu Gecə : +3-5 | Gündüz: +7-9
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.675 | Satış: 1.7015

Rubl:
Alış: 0.0274 | Satış: 0.0293

Avro:
Alış: 2.0366 | Satış: 2.1097
AzTV TƏQDİM EDİR