Siyasət

Milli Məclisin yaz sessiyası başlayıb

01-02-2018 | 16:38        

  

 Milli Məclisin yaz sessiyası başlayıb. Parlamentin 2018-cü ildə keçirilən ilk iclasında yaz sessiyasının qanunvericlik işləri planı təsdiqlənib, Milli Məclisin İntizam və hesablayıcı komissiyaları yenidən təşkil olunub. Yeni hazırlanan “Peşə təhsili haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

Parlamentin  2018-ci ildə ilk iclasını açan Milli Məclisin sədri Oqtay Əsədov millət vəkillərini yaz sessiyasının başlanması münasibəti ilə təbrik etdi,  parlamentariləri bu il gərgin fəaliyyət göstərdiyini dedi. Bildirdi ki, bu il ölkəmizdə bir sıra əlamətdar hadisələr, o cümlədən dövlət başçısının imzaladığı sərəncama uyğun olaraq Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyi qeyd olunacaq. 100 illik yubilyini qeyd edən parlamentin də bu əlamətdar hadisə ilə bağlı xüsusi iclası keçiriləcək.

Oqtay Əsədov diqqətə çatdırdı ki, yaz sessiyasında dövlət başçısının yürütdüy siyasətin hüquq bazasını daha da möhkəmləndirmək üçün parlamentdə bir sıra yeni mühüm qanun layihələri müzakirəyə çıxarılacaq. Eləcə də Hökumətin, Hesablama Palatasının hesabatları, Ombudsmanın illik məruzəsi təqdim olunacaq. 

Parlamentin yaz sessiyasının ilk iclasının gündəliyinə 15 məsələ salınmışdı. Əvvəlcə Milli Məclisin Hesablayıcı və İntizam komissiyaları yenidən təşkil olundu, tərkibi təsdiqləndi. Yaz sessiyasının qanunvericilik işləri planının müzakirəsi zamanı millət vəkilləri müxtəlif təkliflərlə çıxış etdilər. Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bu il Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi ilə yanaşı, müstəqil Azərbaycanın memarı, , hüquqi, demokratik dövlətimizi quran ümummilli lider Heydər Əliyevin 95 illiyinin də qeyd edilməsinin parlamentin tədbirlər planına salınmasını, əlamətdar hadisələrlə bağlı qərarların qəbul edilməsini təklif etdi. Diqqətə çatdırdı ki, humanizm ulu öndər Heydər Əliyevin fəaliyyətinin əsas prinsipi olub. Bu prinsipə uyğun olaraq 1995-ci ildən 2018-ci ilədək istər ulu öndərin, istərsə də Prezident İlham Əliyevin hakimiyyəti dövründə çoxsaylı əfv fərmanları,  “Amnistiya akt”ları qəbul olunub. Ötən il Heydər Əliyev Fondunun Prezidenti Mehruiban Əliyeva tərəfindən irəli sürülən “Amnistiya aktı” ölkədə 10 mindən çox insana şamil olunub. Çıxışlarda Mətbuat Şurası ilə bağlı ayrıca qanunun qəbul edilməsi, qurumun hüquqi statusunun dəyişdirilməsi, eləcə də Yuvenal Ədliyyə, Azərbaycana qarşı işğal siyasəti və bu kimi hallara qarşı qanun layihələrinin hazırlanması təklif edildi. Müzakirələrdən sonra işlər planı səsvermə ilə təsdiqləndi. Yaz sessiyasının qanunvercilik işləri planına Azərbaycan prezidentinin, deputatların, Ali Məhkəmənin, Baş Prokurorluğun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunverici təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri, “Azərbaycan Respublikasının Dövlət bayrağı”, “Azərbaycan Respublikasının Dövlət gerbi”, “Azərbaycan Respublikasının Dövlət himni” haqqında Konstitusiya qanunlarının layihələri, “Dövlət daktiloskopik və genom qeydiyyatı”, “Daxili qoşunlar”, “Ələt azad iqtisadi zonası”, “Ətraf mühitə təsirin qiymətləndirilməsi”, “Texniki tənzimləmə”, “Standartlaşdırma”, “Hesablama Palatası”, “Kabel şəbəkəsi yayımı”, “Kinematoqrafiya”, “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması”, “Əlilliyi olan şəxslərin hüquqları”, “Turizm”, “Psixoloji yardım”, “Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyalardan qorunması” haqqında yeni qanun layihələrinin hazırlanıb qəbul edilməsi salınıb. Yaz sessiyasında Milli Məclis mövcud qanunlara təklif olunan dəyişikliklərə də baxacaq. İclasda "Azərbaycan və Litva Hökumətləri  arasında xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında" Saziş təsdiqləndi. “Sosial sığorta haqqında” qanunun 17-ci -Sosial sığorta ödəmələrinin verilməsi maddəsinə dəyişiklik olundu. İclasda “Peşə təhsili haqqında” yeni qanun layihəsi də birinci oxunuşda qəbul olundu.