İqtisadiyyat

“Deutsche Wirtschafts Nachrichten”: Avropa Azərbaycan təbii qazına böyük ümidlər bəsləyir

01-02-2018 | 10:39        

  

Almaniyada çıxan “Deutsche Wirtschafts Nachrichten“ qəzetində “Avropa Azərbaycan təbii qazına böyük ümidlər bəsləyir” sərlövhəli məqalə dərc edilib.

Məqalədə “Cənub Qaz Dəhlizi” layihəsi barədə oxuculara geniş məlumat verilir. Diqqətə çatdırılır ki, layihə üzrə işlərin 80 faizi tamamlanıb.

Qəzet Oilprice.com saytına istinadla yazır ki, “Cənub Qaz Dəhlizi” Azərbaycanla Avropanı birləşdirən ən böyük infrastruktur layihələrindən biridir. Avropa İttifaqı üçün prioritet enerji layihələrindən olan “Cənub Qaz Dəhlizi”nin seqmentlərini “Şahdəniz-2”, Səngəçal terminalı, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, TANAP və TAP layihələri təşkil edir. Bu boru xətti Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə, oradan da Avropaya çatdıracaq. “Cənub Qaz Dəhlizi” vasitəsilə Azərbaycan təbii qazının 2020-ci ilədək Avropaya nəqli nəzərdə tutulur.

“Deutsche Wirtschafts Nachrichten“ nəşri bir məqamı xüsusi vurğulayır ki, Avropanın qaz istehlakı son illərdə durmadan artır və Avropa İttifaqı qaz idxalını şaxələndirmək istəyir. Avropaya təbii qazın ixracından, eyni zamanda, Azərbaycan özü də böyük gəlirlər əldə edəcək. Çünki qaz sektoru ölkə ÜDM-də mühüm paya malikdir.

“Avropanın təbii qaza tələbatı növbəti on ildə də artmaqda davam edəcək. Belə ki, Niderland və Böyük Britaniya qaz ixrac edən ölkələrdən idxalçı ölkəyə çevrilməkdədir. Norveç isə dənizdə yeni neft və qaz layihələrini donduracaq. Bu baxımdan Azərbaycan Avropanın enerji təhlükəsizliyində bundan sonra da mühüm rol oynayacaq”, - deyə məqalədə qeyd olunur.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (17.02.2018) :
Buludlu Gecə : +3-5 | Gündüz: +7-9
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.675 | Satış: 1.7015

Rubl:
Alış: 0.0274 | Satış: 0.0293

Avro:
Alış: 2.0366 | Satış: 2.1097
AzTV TƏQDİM EDİR