Bölgələr

Xırdalan şəhərinin su və kanalizasiya sistemləri yenidən qurulur

31-01-2018 | 17:43        

  

Abşeron rayonunun Xırdalan şəhərində əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilən layihənin icrası uğurla davam etdirilir. Azərbaycan Hökuməti və Səudiyyə İnkişaf  Fondunun birgə maliyyələşdirdiyi layihədən 2035-ci  ilədək perspektiv inkişaf  nəzərə alınmaqla 200 min nəfər faydalanacaqdır.

Ötən ilin iyul ayından Xırdalanda su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrasına başlanılıb. 2006-cı ildə özünə şəhər statusu qazanan Xırdalanda mövcud sistemlər 1960-cı illərdən  başlayaraq, mərhələlərlə yaradılıb. Lakin elə sakinin də qürurla vurğuladığı kimi, şəhər inkişafda olan canlı orqanizm kimi son illərdə xeyli genişlənib. Sənaye müəssisələrinin və əhalinin də sürətli artımı bu infrastrukturun dəyişilməsini elə adı kimi, su qədər vacib edib.

“Azərsu” ASC-nin böyük sürətlə və yüksək keyfiyyətlə reallaşdırdığı layihə çərçivəsində 168 kilometr uzunluğunda paylayıcı su şəbəkəsinin tikintisi və 21 min 170 ev birləşməsinin verilməsi planlaşdırılır. Abonentlərin sayğaclarla təmin olunması və yanğın təhlükəsizliyi məqsədilə şəbəkə üzərində 570 hidrantın quraşdırılması nəzərdə tutulan işlərdəndir. Paylayıcı su şəbəkəsinin 48 kilometrlik hissəsində proses artıq uğurla yekunlaşıb.

Planlar öz yerində, amma sakinləri maraqlandıran ən əsas məsələ içməli suyun keyfiyyətidir. Bu isə Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi hesabına təmin olunacaq. Buradan götürülən suyun Xırdalana verilməsi məqsədilə Ceyranbatan-Zirə magistral su xətti üzərində hər birinin tutumu 10 min kubmetr olan 2 su anbarının və anbarlardan şəhərə qədər 4 magistral su xəttinin tikintisi nəzərdə tutulur. Bəs görəsən bu sahədə işlər hansı mərhələdədir?

Axı su – həqiqətən rahatlıq, bərəkət, bir sözlə - həyat bəxş edir.  Elə şəhərin gələcək inkişafı və böyük hədəflər nəzərə alınmaqla, Xırdalanın yağıntılı günlərdə əsas problemlərindən biri olan kanalizasiya infrastrukturu da yenidən qurulur. 109 kilometrlik şəbəkənin 21 kilometrlik hissəsi artıq tikilib. Tullantı sularının hansı istiqamətə axıdılmasına gəldikdə isə....

Anar Cəbrayıllı - “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri:

- Xırdalan şəhərində bu gün yaranan tullantı suları bir neçə mərhələdə Hövsan Aerasiya Stansiyasına yönəldilir və gələcəkdə tullantı suları Hövsana deyil, Lökbatan Təmizləyici Qurğularına yönəldiləcək və orada təmizlənib, zərərsizləşdirilib Xəzər dənizinə ötürüləcəkdir.

İndi hədəf -  su və kanalizasiya şəbəkələrindən abonentlərə birləşmələrin maksimal tez zamanda həyata keçirilməsidir. Axı əbəs yerə deməyiblər ki, su –həyatdır. Təmiz su isə - rahatlıq, bərəkət mənbəyidir. Odur ki, mənzillərində bulaq suyu tək təmiz və fasiləsiz su arzusunda olan  xırdalanlılara müjdə var: bütün tikinti-quraşdırma işləri gələn il  başa çatdırılacaq. Ümumilikdə 2035-ci  ilədək ərazidə perspektiv inkişaf da nəzərə alınmaqla 200 min nəfərə bu sahədə göstərilən xidmətin keyfiyyəti dünya standartlarına tam uyğun olacaq. Qeyd edək ki, Azərbaycan Hökuməti ilə Səudiyyə İnkişaf Fondu tərəfindən maliyyələşdirilən digər layihə çərçivəsində Bakı şəhəri Səbail rayonunun Badamdar qəsəbəsinin də içməli su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur.