Bölgələr

Kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi, bu sahəni keyfiyyətcə yeni mərhələyə qaldırıb

31-01-2018 | 14:39        

  

Son illərdə kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi, yeni çağırışlara uyğun strateji hədəflərin və institusional dəyişikliklərin müəyyənləşdirilməsi bu sahəni keyfiyyətcə yeni mərhələyə qaldırıb. 2016-cı illə müqayisədə ötən il ölkə üzrə heyvandarlıq məhsullarının istehsalı 2,7, bitkiçilik məhsullarının istehsalı isə 6,1 faiz artıb. Bu il isə məhsul istehsalının bir qədər də artırılması üçün artıq hazırlıqlara başlanılıb.

Ötən il Yevlaxda kənd təsərrüfatı məhsulu istehsalında artım qeydə alınıb. Xüsusən pambıqçılıqda yüksək nəticələr əldə edilib. Ötən il rayonda 1 min 168 min hektar sahədə pambıq əkilib. Keyfiyyətli becərmənin hesabına 3 min 416,82 ton pambıq yığılıb. Bu, 2016-cı ildə yığılan pambıqdan 2,3 dəfə çoxdur. Taxıl istehsalı da artıb. Belə ki, 1 il əvvəllə müqayisədə 19,9 faiz çox buğda, 5,6 faiz çox arpa yığılıb. Son illərdə Yevlaxda çəltikçiliyə də maraq xeyli yüksəlib. Bir faktı demək kifayətdir ki, təkcə ötən il rayonda çəltik istehsalı 6,7 dəfə artıb. Qarğıdalı istehsalında 47, günəbaxan istehsalında isə 33 faiz artım qeydə alınıb. Heyvandarlıq məhsulları və barama istehsalında da yüksəliş var. Ət istehsalı 0,1, yun istehsalı 1,3, yumurta istehsalı 0,4 faiz artıb. Yevlaxlı kümçülərin ötən ilki göstəriciləri ilə fəxr etməyə tam haqları çatır. Belə ki, ipək qurdlarını tut yarpağı ilə əla bəsləyib,  Şəki İpək Kombinatına 2016-cı ildəkindən 3 dəfə çox barama təhvil veriblər. Hazırda rayon təsərrüfatlarında 2018-ci ilin məhsulu üçün payızlıq səpin də uğurla həyata keçirilib. 20 min 403 hektar şumlanıb, 11 min 613 hektarda payızlıq bitkilər, o cümlədən 5779 hektarda buğda, 4786 hektarda arpa səpilib.

Samuxda isə bu ilin məhsulu üçün 10 min 574 hektar sahədə payızlıq dən və yaşıl yem üçün taxıl səpini aparılıb. Sahələrin 6 min 183 hektarına buğda, 3 min 604 hektarına arpa səpilib. 787 hektarlıq ərazi isə yaşıl yem məqsədi ilə əkilib. Samux Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, taxıl zəmiləri 2 min 654 hektar artırılıb. Hazırda sahələrə aqrotexniki qaydalara uyğun qulluq göstərilir. Əsas məqsəd bu il hər hektardan 50-55 sentner məhsul götürməyə nail olmaqdır. Bunun üçün sahələr vaxtında gübrələnib. Fermerlərə alaq və zərəvericilərə qarşı mübürizədə istifadə olunmaq üçün pestisid və herbisidlər də güzəştli şərtlərlə veriləcək. Yenilik də var: fermerlərə məşğul olduqları sahələr üzrə təlimlər də keçirliləcək. Axı məhsuldarlığın artırılması üçün yeni texnologiyalardan xəbərdar olmaq vacib şərtdir.

Balakənli tütünçülər də bu ilə böyük hədəflərlə qədəm qoyublar. Buna şərait də var, imkan da böyükdür. Belə ki, tütünçülüyü inkişaf etdirmək məqsədilə Balakəndə tütün istehsalı və emalı məntəqəsi yaradılacaq. Məntəqədə 540 ton gücü olan 60 tütünqurutma kamerasının tikilməsi nəzərdə tutulur. Balakənli fermerlər indiyədək yetişdirdikləri yaşıl tütün kütləsini qurutmaq üçün Zaqatala rayonunda fəaliyyət göstərən emal məntəqəsinə təhvil veriblər. Bu isə əlavə vaxt itkisinə səbəb olurdu. Əsas tütünçülük rayonlarından biri olan Balakəndə ötən il 528 hektar sahədən 317 ton quru tütün istehsal olunub. Bu, 2016-cı ildənkindən 106 ton çoxdur. Bu il isə tütün əkini sahələrinin bir az da genişləndirilərək 550 hektara çatdırılması nəzərdə tutulur. Hazırda şəxsi təsərrüfatlarda tütün şitilləri yetişdirilir. Yazda şitillər sahələrə köçürüləcək.

Elə tütünçülük qədər strateji və ixracyönümlü sahə olan baramaçılıqdan xəbər veririk. Kürdəmirli fermerlərüçün  ipək qurdlarının bəslənməsi kənd təsərrüfatının həm ənənəvi, həm də perspektivli sahələrindəndir. 2016-cı ildə rayonda 3578 kiloqram barama istehsal olunduğu halda, ötən il istehsal 3,2 dəfə artaraq 11 ton 512 kiloqrama çatıb. Bu il isə barama istehsalının 20 tona çatdırılması nəzərdə tutulur. Baramaçılığın inkişafı üçün yem bazası da yaradılıb. Belə ki, Kürdəmirdə 2016-cı ild 46 min, 2017-ci ildə isə 70 minə yaxın tut tingi əkilib. 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (17.11.2018) :
Azbuludlu Gecə : +8+10 | Gündüz: +14+16
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR