İqtisadiyyat

Ölkənin ərzaq təhlükəsizliyi onun siyasi və iqtisadi təhlükəsizliyinin qarantı sayılır

31-01-2018 | 13:39        

  

Prezident İlham Əliyevin ayrı-ayrı dövrlərdə qəbul etdiyi regional dövlət proqramlarında ərzaq təhlükəsizliyi ən vacib sırada dayanır. Dövlət başçısının “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda ərzaq təhlükəsizliyi məsələsinə geniş yer ayırması, tapşırıq və tövsiyələrini verməsi idxaldan asılılığı azaldacaq, ixrac potensialını daha da genişləndirəcək.

Ərzaq təhlükəsizliyi insan ləyaqətinin başlıca amili olmaqla bərabər, həm də əsas hüquqlarından biridir. Belə təhlükəsizlik hər bir insanın sağlam və məhsuldar həyat tərzi üçün ərzaqla kifayət qədər təmin edilməsi deməkdir. Bu problemin həlli  ilk növbədə yoxsulluğun azaldılması, ərzaq təminatının və ərzaq məhsullarından istifadənin səmərəsinin artırılmasına hesablanıb. Ərzaq təhlükəsizliyi həm də ölkənin müstəqil siyasət yürütməsi və söz sahibi kimi öz hüquqlarını tələb etməsi, hər hansı problemin həllində vahid mövqe sərgiləməsi deməkdir. Məhz bu nöqteyi-nəzərdən Azərbaycan düzgün yoldadır.

Ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün strateji məhsullar sırasında əsas yeri taxıl tutur. Bu baxımdan iri taxılçılıq təsərrüfatlarının yaradılması istər ölkəmizin özünütəminatına, istərsə də xaricdən idxala yönələn maliyyə sərfiyyatının azalmasına xidmət edir.  Belə təsərrüfatların yaradılması hər hektar sahədən bol məhsuldarlıq əldə etməklə yanaşı, yüksək reproduksiyalı toxumların artırılmasını şərtləndirir. Dövlətin əsas siyasəti idxaldan asılılığı minimuma endirmək, ərzaq bolluğu yaradıb ixrac potensialına münbit şərait yaratmaqdır.   

Son illər Azərbaycanda heyvandarlığın inkişafı istiqamətində də işlər sürətlənməkdədir. Xaricdən cins mal-qaranın alınması, modern üslublu komplekslərin yaradılması, süni mayalanma yolu ilə alınan hər buzova görə dövlət tərərfindən verilən 100 manat həcmində subsidiya, eləcə də süd zavodlarının açılışı əhalinin süd və süd məhsulları ilə təminatında mühüm rol oynayıb. Kərə yağı və pendirlə təminatda yaranan problem də yaxın illərdə aradan qaldırılacaq.

Ərzaq təhlükəsizliyində ət və quş əti istehsalı da mühüm yer tutur. Artıq bu sahədə ixrac üçün əlverişli şərait yaranıb. Son iki ildə quş ətinin ixracı artıb. Bu da ölkəmizin adıçəkilən sahələr üzrə özünü 100 faiz təmin etməyə yaxınlaşmasıdır.  Yeni fermalar, aqroparklar, quş fabrikləri, süd zavodları açılandan sonra təminat 100 faizi keçəcək. Nəticədə əlavə bazarlar axtarılacaq. Bu istiqamətdə  heyvandarlığın inkişafı üzrə dövlət proqramının hazırlanaraq qəbul edilməsi gözlənilir. Azərbaycan bu il dövlət xətti ilə xaricdən daha 10 min baş cins mal-qara alacaq, Göygöl rayonunda açılmış Süni Mayalanma Mərkəzinin fəaliyyəti nəticəsində mal-qaranın cins tərkibi daxili imkanlar hesabına yaxşılaşdırılacaq.

 

Son illər ölkəmizdə yaradılan Aqroparklar  ərzaq təhlükəsizliyinin təminatı üçün mühüm amildir. Aqroparklar ilk növbədə, kənd təsərrüfatı istehsalının qeyri-kənd təsərrüfatı fəaliyyətləri ilə vahid istehsal məkanında birləşməsinə zəmin yaradır. İstehsal, emal, marketinq və menecment sisteminin zəncirvari quruluşu, müasir texnika, informasiya-kommunikasiya texnologiyalarının səmərəli tətbiqi, məsrəflərin minimuma endirilməsi, ətraf mühitin qorunması, su və torpaq resurslarından səmərəli istifadə bir daha onu sübut etdi ki, ölkədə aqrar sektorun keyfiyyətcə yeni və daha sivil siması qurulur. Azərbaycan Prezidentinin təşəbbüsü və dəstəyi ilə həyata vəsiqə alan aqroparklar ölkə iqtisadiyyatında ən səmərəli iqtisadi model kimi təsdiqini tapıb. Artıq neçə ildir soyuducular və taxıl anbarları, logistika ilə bağlı digər məsələlər ölkəmizdə uğurla həll edilir.

Hazırda 28 rayonda 43 aqroparkın yaradılması nəzərdə tutulur. Onlardan 27-si bitkiçilik, 16-sı isə heyvandarlıq üzrə aqroparklardır. Bu aqroparklara 183 min hektar torpaq ayrılıb. 

Ərzaq təhlükəsizliyinə xidmət edən daha bir qurumun – Qida Təhlükəsizliyi Agentliyinin yaradılması da əhalinin keyfiyyətli qidalarla təminatı üçün vacib addımdır. Hazırda dünyada orqanik məhsullar daha baha satılır. Bu xüsusda keyfiyyətli məhsulların ixracının daha da artırılmasında heç bir problem yaranmayacaq. Ona görə ki, Azərbaycanda orqanik məhsulların istehsalı ilə bağlı narahatlıq yoxdur. Belə məhsullar həm də tərəvəz istehsalına aiddir. 2018-ci ildə tərəvəz istehsalı və ixracı kəskin artacaq. Buna həm də dörd yüz hektardan çox sahəsi olan istixanaların yaradılması böyük stimul verəcək. İstixana komplekslərinə marağın artması, üstəlik gigiyenik şəraitdə yetişdirilən məhsullara ehtiyacın duyulması ixrac potensialını kəskin şəkildə artıracaq. 400 hektarda salınacaq istixanaların əsas prinsipi daxili bazara deyil, ixraca yönələcək. Təkcə 2017-ci ildə pomidor ixracından  151 milyon dollar gəlirin əldə edilməsi, sözügedən sahəyə maliyyə vəsaiti ayrılmasının düzgün qərar olduğunu göstərir.

Meyvə istehsalının artımı da ərzaq təhlükəsiliyində mühüm faktordur. Yalnız xurma və narın istehsalının artımı və ixracında bu sahənin inkişafını müşahidə etmək mümkündür.

Bundan başqa, intensiv bağçılığa çox böyük diqqət göstərilir. Alma bağları da sürətlə genişlənir və bu da ixrac üçün çox önəmli sahəyə çevrilib.

Ərzaq təhlükəsizliyi insanların istənilən vaxt aktiv və sağlam həyat tərzi sürməsinə yönələn böyük proqramdır. Belə təhlükəsizliyin əsas elementi ölkənin milli ərzaq sisteminin iqtisadi baxımdan müstəqilliyidir.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (17.02.2018) :
Buludlu Gecə : +3-5 | Gündüz: +7-9
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.675 | Satış: 1.7015

Rubl:
Alış: 0.0274 | Satış: 0.0293

Avro:
Alış: 2.0366 | Satış: 2.1097
AzTV TƏQDİM EDİR