İqtisadiyyat

Qarın yağması Qusara gələn turistlərin sayını 3-4 dəfə artırıb

31-01-2018 | 10:52        

  

Şimal rayonlarına qarın yağması bölgəyə gələn turistlərin sayına ciddi təsir göstərib. Son üç gündə təkcə Qusara adi günlərlə müqayisədə 3-4 dəfə çox turist gəlib.

Xizək mövsümü açılandan “Şahdağ” Turizm Mərkəzinə xeyli sayda turist üz tutub. Son günlər isə istirahət kompleksinin qonaqlarının sayı adi günlərlə müqayisədə 3-4 dəfə artıb. Bunun da səbəbi Şimal rayonlarının ağ örpəyə bürünməsidir. Qış nağıllarını xatırladan  “Şahdağ” Turizm Mərkəzi həftəiçi hər gün 600-1000 arası qonaq qəbul edir. Şənbə-bazar günlərində isə bu rəqəm 2500-3500 nəfərədək yüksəlir. Qusar Turizm İnformasiya Mərkəzindən bildirilib ki, rayondakı otel və qonaq evlərinin 90 faizi əvvəlcədən sifariş olunub. Qusara gələn əcnəbi turistlər arasında Rusiya, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərindən olanlar daha çoxdur. Bununla yanaşı yerli turistlərin sayı da artıb. Otellərdə yer tapa bilməyən turistlər ev turizmi ilə məşğul olan sakinlərə müraciət edirlər.  Havanın qarlı, məktəblilərin də qış tətilində olması səbəbindən hələ yaxın bir neçə gündə də bölgəyə turist axınının olacağı proqnozlaşdırılır.