İqtisadiyyat

U.Andres: “TAP Cənub-Şərqi Avropada təmiz enerji mənbəyinin tətbiqinə imkan yaradacaq”

31-01-2018 | 10:46        

  

Azərbaycan təbii qazını Avropaya daşıyacaq “Trans-Adriatik” qaz boru kəməri Cənub-Şərqi Avropada təmiz enerji mənbəyinin tətbiqinə imkan yaradacaq. Bunu TAP-ın kommersiya və xarici əlaqələr üzrə direktoru Ulrike Andres Vyanada keçirilən XI Avropa Qaz Konfransında deyib. 

Azərbaycan təbii qazını Avropaya daşıyacaq “Trans-Adriatik” qaz boru kəməri xüsusilə kömürə çox üstünlük verən Cənub-Şərqi Avropada təmiz enerji mənbəyinin tətbiqinə imkan yaradacaq. TAP-ın kommersiya və xarici əlaqələr üzrə direktoru Ulrike Andres bildirib ki, TAP və “Cənub Qaz Dəhlizi” karbon emissiyasının azaldılmasına və ətraf mühitə təsirin azaldılması hədəflərinə nail olmağa kömək edəcək. “TAP və “Cənub Qaz Dəhlizi” enerji təhlükəsizliyinə, diversifikasiyaya və dekarbonizasiyaya doğru addım atır. Ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq TAP Bolqarıstanın qaza olan tələbatının 40 faizini, Yunanıstanın tələbatının üçdə birini, İtaliyanın idxalının isə 12 faizini təmin etmək iqtidarında olacaq”, - deyə Ulrike Andres bildirib. Qeyd edək ki, TAP qaz boru kəməri layihəsi üzrə işlərin - mühəndis, təchizat və tikinti də daxil olmaqla, ümumilikdə 65 faizi yekunlaşıb. Layihə qrafikə uyğun icra edilir və 2020-ci ilədək Azərbaycanın “Şahdəniz” yatağından ilk qazı almağa hazır olacaq. TAP Avropa İttifaqı üçün prioritet enerji layihələrindən olan “Cənub Qaz Dəhlizi”nin bir seqmentini təşkil edir. Ümumi dəyəri 4,5 milyard avro olacaq layihə üzrə boru kəmərinin təməli 2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində qoyulub. “Şahdəniz” konsorsiumu ilk qaz satışını 2018-ci ildə Türkiyəyə və Gürcüstana həyata keçirəcək. Avropaya ilk qazın verilməsi isə bundan təxminən 1 il sonra 2020-ci ilin əvvəllərində planlaşdırılır. Boru kəmərinin dəniz hissəsi isə 2018-2019-cu illərdə inşa ediləcək. Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan TAP layihəsi Cənubi Qafqaz Boru Kəmərinin və TANAP-ın davamı olub, “Şahdəniz-2”dən hasil olunacaq qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. Layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi  iri Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradacaq. TAP-ın  ötürücülük qabiliyyətinin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulub.