Mədəniyyət

Ölkəmizi “Eurovision-2018” mahnı müsabiqəsində təmsil edən Aysel Məmmədova birinci yarımfinalın ilk yarısında çıxış edəcək

31-01-2018 | 10:43        

  

Portuqaliyanın paytaxtı Lissabonda “Eurovision-2018” mahnı müsabiqəsində iştirakçıların çıxışının ardıcıllığı üzrə püşkatma mərasimi keçirilib. Püşkatmaya əsasən, ölkəmizi müsabiqədə təmsil edən Aysel Məmmədova birinci yarımfinalın ilk yarısında çıxış edəcək. 

İştirakçı ölkələrin sayının tək olması nəticəsində təşkilatçılar birinci yarımfinalda 19, ikinci yarımfinalda isə 18 nəfərin iştirak etməsinə qərar veriblər. Püşkatmaya əsasən, ölkəmizi müsabiqədə təmsil edən Aysel Məmmədova birinci yarımfinalın ilk yarısında çıxış edəcək. Ölkəmizin bu mərhələdə rəqibləri Albaniya, Belarus, Belçika, Bolqarıstan, Çexiya, Estoniya, İslandiya, İsrail və Litva nümayəndələri olacaq. Finala hər yarımfinaldan 10 ölkə keçəcək. Böyük beşlik ölkələri – Fransa, Almaniya, İtaliya, İspaniya, Böyük Britaniya və müsabiqənin ev sahibi olan Portuqaliya ilə birlikdə finalda qalib adı uğrunda mübarizə aparacaq. Ümumilikdə, finalda 26 iştirakçı yarışacaq. Müsabiqənin yarımfinal mərhələsi mayın 8-də və 10-da, final mərasimi isə mayın 12-də keçiriləcək. Xatırladaq ki, “Eurovision-2017” mahnı müsabiqəsinin qalibi Portuqaliya təmsilçisi Salvador Sobral olub. O, “Amar pelos dois” mahnısı ilə 758 xal toplayaraq müsabiqənin qalibi adını qazanıb.