Cəmiyyət

Azərbaycan gömrükçüləri peşə bayramlarını qeyd edib

30-01-2018 | 16:31        

  

Peşə bayramı münasibəti ilə Dövlət Gömrük Komitəsində bayram tədbiri və  kollegiya iclası keçirilib.

Müstəqil Azərbaycanın Gömrük sisteminin inkişafı Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Komitə  sədri Aydın Əliyev dedi ki, ötən müddət ərzində Azərbaycan Gömrük Xidməti yenidən qurularaq çevik, peşəkar və modern təşkilata çevrilib. Öz növbəsində, Prezident İlham Əliyev gömrük xidmətini daim diqqətdə saxlayır və hər bir gömrükçü dövlətin qayğısını hiss edir. Ümumdünya Gömrük Təşkilatının ən fəal üzvlərindən biri kimi özünü təsdiq edən Azərbaycan Gömrük Xidməti bu gün dünya gömrük ailəsində özünəməxsus layiqli yer tutur. Azərbaycan, həmçinin Avropa ölkələri arasında məlumat dövriyyəsini təmin edən sistemə qoşulmaq niyyətindədir.  

Hesabat məruzəsi ilə çıxış edən komitə sədrinin 1-ci müavini Səfər Mehdiyev dedi ki, ötən il ərzində gömrük orqanları tərəfindən nəzərdə tutulan 2 milyard 250 milyon manat büdcə proqnozuna qarşı faktiki olaraq 2 milyard 608,8 milyon manat gömrük vergi və rüsumları toplanaraq dövlət büdcəsinə köçürülüb, proqnoz 115,6 faiz yerinə yetirilib. 2017-ci ildə ölkəmizin iqtisadi mənafeyinin və təhlükəsizliyinin qorunması məqsədilə qaçaqmalçılığa və gömrük işi sahəsində digər hüquqpozmalara qarşı mübarizə istiqamətində də məqsədyönlü tədbirlər görülüb. Belə ki,Gömrük orqanları tərəfindən əməliyyat-axtarış fəaliyyətinin və gömrük nəzarətinin gücləndirilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər nəticəsində 8 819 hüquqpozma faktı aşkarlanıb. Hesabat ilində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar 210 fakt aşkar olunub.  Bu faktlar üzrə, ümumilikdə  2 ton 715 kq narkotik vasitə və  psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb. Gömrük-biznes əməkdaşlığı sahəsində də mühüm addımlar atıldığını söyləyən Səfər Mehdiyev gömrük orqanları, xarici iqtisadi fəaliyyət iştirakçıları ilə işgüzar, şəffaf əlaqələrin qurulduğunu bildirdi. Ötən il sahibkarlara göstərilən elektron xidmətlərin də sayı və keyfiyyəti artıb. Bundan başqa, ötən il 25 XİF iştirakçısı “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə edib. Sonra Komitənin Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi Cavad Qasımov, Gümrük Sahəsində Hüquqpozmalarına Qarşı Mübarizə Baş İadrəsinin rəisi Baba Salayev, Sumqayıt Baş Gömrük İdarəsinin rəisi Vəzir Həsənov, Xəzər Dənizində Azərbaycanın İqtisadi Mənafelərinin Mühafizəsi İdarəsinin rəisi Telman Mehdiyev, Naxçıvan MR Dövlət Gömrük Komitəsinin şöbə müdiri Anar Hacıyev ötən il görülən işlər barədə məruzə ilə çıxış etdilər. Aksiz Baş Gömrük İdarəsinin rəisi Ehtiram Xəlilov isə bildirdi ki, hesabat ilində aksizli malların xarici ticarət dövriyyəsi 200 milyon dollar təşkil edib. 2017-ci ildə 137 milyon manat vergi və rüsüm toplanıb, bu isə 2016-ci ilə müayisədə 24 milyon manat çoxdur. Bakı Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzov qeyd etdi ki, ötən il 2 024 hüquqpozma faktı üzrə araşdırma aparılıb. Onlardan 131-i cinayət xarakterli, 1 893-ü isə inzibati xəta xarakterli işlərdir. Sonra Komitənin 2018-cü ildə görəcəyi işlər barədə məlumat verildi. Bildirildi ki, Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin bir qrup əməkdaşının fəxri adlarla təltif edilməsi barədə Sərəncamlar imzalayıb. Sonda Dövlət Gömrük Komitəsinin bir qrup əməkdaşına Ümümdünya Gömrük Təşkilatının sertifikatları, həmiçinin  DGK-nin fəxri fərmanları təqdim olundu.