Cəmiyyət

Jurnalistlər üçün tikilən ikinci binadakı mənzillərin açar və sənədləri sahiblərinə təqdim edilib

30-01-2018 | 16:10        

  

Prezident İlham Əliyevin Sərəncamı ilə jurnalistlər üçün inşa edilən ikinci binadakı mənzillərin açar və sənədlərinin sahiblərinə təqdim edilməsi mərasimi keçirilib. Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə keçirilən tədbirdə 255 media nümayəndəsinə mənzillərin açarları təqdim edilib.

Azərbaycan jurnalistikası inkişaf edir və cəmiyyətdə mühüm rol oynayır. Bu fikir jurnalistlər üçün inşa edilən ikinci binadakı mənzillərin açar və sənədlərinin sahiblərinə təqdim edilməsi mərasimində səsləndi. Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli bildirdi ki, Prezident İlham Əliyevin Sərəncamı ilə jurnalistlər üçün inşa edilən ikinci bina artıq istismara tam hazırdır və burada hər cür şərait yaradılıb. Fondun rəhbəri dünyada analoqu olmayan belə bir nəcib təşəbbüsə görə bütün media nümayəndələri adından dövlət başçısına minnətdarlığını bildirdi. Və jurnalistlər üçün 3-cü binanın tikintisinin də başlandığını diqqətə çatdırdı.

Mənzil alan media nümayəndələrini təbrik edən Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi, şöbə müdiri Əli Həsənov dövlət başçısının mətbuata, söz və fikir azadlığına, jurnalistlərə göstərdiyi davamlı diqqət və qayğıdan danışdı. O, 1998-ci ildə ulu öndər Heydər Əliyevin mətbuat üzərində nəzarətin tamamilə ləğv edilməsi haqqında qərarının Azərbaycanda azad mətbuatın inkişafında mühüm rol oynadığını, Prezident İlham Əliyevin Ümummilli liderin mətbuata diqqət və qayğısını uğurla davam etdirdiyini diqqətə çatdırdı. Qeyd etdi ki, bu gün ölkəmizdə media ilə münasibətlər şəffaf şəkildə - Azərbaycan Mətbuat Şurası vasitəsilə nizamlanır. Azərbaycan dünyada yeganə ölkədir ki, dövlət vəsaiti hesabına jurnalistlər üçün mənzillər tikilib onların istifadəsinə verilir. Bəzi üzdəniraq jurnalistlərin Azərbaycan dövlətinin media siyasətinin “iflasa uğraması” barədə əsassız fikirlərlə çıxış etdiklərini təəssüf hissi ilə vurğulayan Əli Həsənov həmin şəxslərin Avropanın müəyyən mərkəzləri tərəfindən aldıqları qrantlar hesabına onların maraqlarına xidmət göstərdiklərini bildirdi. Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi bu günlərdə həmin dırnaqarası jurnalistlərin TAP layihəsi əleyhinə Avropada təşkil edilən aksiyalarda iştirak etdilərini diqqətə çatdırdı və jurnalistlərimizin onlara layiqli cavab verməli olduqlarını bildirdi.

Dövlət başçısının Davosdakı çıxışına da toxunan Əli Həsənov  müzakirələrdə  Azərbaycan Prezidentinin ölkədə internetin, mətbuat azadlığının, siyasi fəaliyyət azadlığının tam şəkildə təmin olunduğunu açıq şəkildə bəyan etdiyini dedi. 2008-ci ildə KİVDF-nin yaradılması ilə Azərbaycanda mətbuata dövlət qayğısının sistemli şəkildə həyata keçirilməsinə imkan verən mexanizm formalaşdırıldı. Bütün bu faktlar Azərbaycanda media siyasətinin iflasa uğradığını deyənlərin nə qədər qərəzli olduqlarını sübuta yetirir. “Odur ki, biz Prezident İlham Əliyevin media, siyasi plüralizm siyasətini ölkəmizin mühüm uğurlarından biri kimi dəyərləndirir və bu nailiyyətlərə qarşı yönəlmiş böhtanları qəbul etmirik”, deyə Əli Həsənov bidlirdi. Sonra Prezident İlham Əliyevin Sərəncamı ilə ev alan KİV nümayəndələrinə mənzillərin sənəd və açarları təqdim edildi. Xatırladaq ki, jurnalistlər üçün inşa edilən ikinci binada 255 mənzil var. 3 bloklu, 17 mərtəbəli bu binanın ümumi inşaat sahəsi 34 min kvadratmetrdir. Binada 9 bir otaqlı, 144 ikiotaqlı, 93 üçotaqlı və 9 dördotaqlı mənzil var.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (17.02.2018) :
Buludlu Gecə : +3-5 | Gündüz: +7-9
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.675 | Satış: 1.7015

Rubl:
Alış: 0.0274 | Satış: 0.0293

Avro:
Alış: 2.0366 | Satış: 2.1097
AzTV TƏQDİM EDİR