Siyasət

Prezident İlham Əliyevin konfransdakı çıxışı ölkənin gələcək inkişaf perspektivlərini müəyyənləşdirdi

30-01-2018 | 16:00        

  

Prezident İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda çıxışı, əldə olunan uğurlar, real nəticələrin geniş təhlili ilə yanaşı, həm də ölkənin gələcək inkişaf perspektivlərini müəyyənləşdirdi.

Diversivikasiya olunan iqtisadiyyat, əlverişli biznes və investisiya mühiti, yeni dövrün çağırışlarına adekvat, effektiv islahatlar Azərbaycan iqtisadiyyatının dayanıqlılığı və davamlı inkişafını şərtləndirən başlıca amillərdir. Məhz, bu istiqamətdə həyata keçirilən, strateji və gələcəyə istiqamətlənmiş çoxşaxəli fəaliyyət proqramlarında regionların sosial–iqtisadi inkişafı mühüm yer tutur. "2004-cü ilin əvvəllərində qəbul edilmiş ilk proqram demək olar ki, Azərbaycan regionlarında dönüş yaratdı. Regionların sürətli inkişafı məhz, birinci proqramın icrası ilə bağlı idi" - deyən prezident İlham Əliyev bu il sayca, üçüncü Dövlət Proqramının icrasının başa çatacağını elan etdi. Dördüncü proqramın hazırlanması ilə bağlı işlərə başlanılmasının vacibliyinə diqqət çəkən Prezident mövcud qlobal siyasi-iqtisadi, sosial kataklizmlər dövründə ölkəmizdə əldə olunan uğurlu nəticələrə, bu inkişafı şərtləndirən sabitlik, təhlükəsizlik kimi əsas amillərə toxundu.

Məhz, son 14 ildə aparılan köklü iqtisadi islahatlar, bölgələrdə icra edilən böyük infrastruktur layihələri ölkəmizin ümumi, sistemli  inkişafına böyük təkan verib.  2004-cü ildən günümüzə qədər əldə edilən iqtisadi göstəricilər də ümumi inkişafın uğurlu dinamikasını əyani şəkildə göstərir.

- iqtisadiyyatda 3,2, qeyri-neft iqtisadiyyatında 2,8 dəfə artım qeydə alınıb;

- sənaye sahəsində 2,6, kənd təsərrüfatında 1,7 dəfə artım olub;

- qeyri-neft ixracı 4,1 dəfə artıb.

Konkret infrastruktur layihələrin statistikasına gəlincə,

- qazlaşdırma 93 faiz səviyyəsindədir və bütün şəhərlərimiz qazla 100 faiz təmin edilib;

Müqayisə üçün deyək ki, 2004-cü ildə Azərbaycanda qazlaşdırmanın səviyyəsi 51 faiz idi.

- ölkə üzrə fasiləsiz içməli su ilə təminat 67 faizə çatdırılıb; 14 il öncə bu 26 faiz idi.

- generasiya gücləri 2500 meqavat olan 30 elektrik satansiyası istifadəyə verilib və  ölkənin eneji təhlükəsizliyi tam təmin  edilib;

Yeri gəlmişkən 2004 -cü ilə qədər  elektrik enerjisi idxal edən ölkə hazırda eneji ixracatçısına çevrilib.

- nəhəng tarixi infrastruktur layihələri olan dörd su anbarı - Taxtakörpü, Şəmkirçay, Göytəpə və Tovuzçay tikilərək istifadəyə verilib;

-  12 min 300 kilometr yol çəkilib, 443 yeni körpü inşa olunub;

-  altısı beynəlxalq olmaqla yeddi aeroport tikilib və s.

Bundan başqa, 14 il ərzində valyuta ehtiyatlarımız 23 dəfə artıb və 42 milyard dollara bərabərdir. Təsadüfi deyil ki, adambaşına düşən valyuta ehtiyatlarının həcminə görə, bu gün Azərbaycan dünya miqyasında qabaqcıl yerlərdədir. Ölkənin kompleks inkişafını şərtləndirən digər mühüm amil isə 2004-cü ildən etibarən iqtisadiyyata 231 milyard dollar sərmayə qoyulması faktıdır. Beləliklə, adambaşına düşən sərmayələrin həcminə görə, Azərbaycan yenə də dünya miqyasında lider dövlətlər arasındadır.

Sitat. "Mən dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, siyasətimizin təməlində Azərbaycan vətəndaşının maraqları dayanır. Eyni zamanda, bizim əsas strateji məqsədimiz, hədəfimiz ölkəmizi daha da gücləndirməkdir, Azərbaycan dövlətinin qüdrətini artırmaqdır, müstəqilliyimizi möhkəmləndirməkdir". Sitatın sonu.

Ötən ildə zəruri resurslar səfərbər olunmaqla makroiqtisadi sabitliyin təmin edilməsi, biznes mühitinin yaxşılaşdırılması və sahibkarlığın dəstəklənməsi, qeyri-neft sektorunun sürətli inkişafı əmək bazarının stabilləşməsinə, əhalinin sosial təminatının yaxşılaşmasına, yüksək rifahın həlledici amillərindən olan məşğulluq imkanlarının genişləndirilməsinə şərait yaratdı.  Görülən işlər nəticəsində bu gün Azərbaycanda işsizlik 5 faiz, yoxsulluq isə 5,4 faiz səviyyəsindədir. Hansı ki, regionların inkişafı ilə bağlı birinci proqramın icrasına başlayanda yoxsulluğun səviyyəsi 50 faiz idi. Məhz sözügedən sosial siyasətin nəticəsi olaraq 2004-cü ildən indiyədək 3100-dən çox məktəb, 642 tibb ocağı tikilib və ya təmir edilib, 43 Olimpiya İdman Kompleksi inşa olunub. Şübhəsiz ki, bunun üçün böyük həcmdə vəsait və güclü iqtisadiyyat tələb olunur. Məhz, kosmik sənayenin yaradılması, qısa müddət ərzində orbitə iki peykin buraxılması bu baxımdan ölkənmizin iqtisadi potensialını əyani şəkildə  nümayiş etdirir. Burada ölkənin strateji maraqlarını təmin edən və dünyanın enerji xəritəsində xüsusi yer tutan Cənub Qaz Dəhlizi layihəsi, Şərq–Qərb nəqliyyat dəhlizinin əsas seqmenti olan Bakı-Tbilisi-Qars dəmiryolunun istifadəyə verilməsi, Şimal–Cənub nəqliyyat dəhlizinin reallaşması ilə bağlı atılan ciddi addımlar, Xəzər dənizində ən böyük dənz ticarət limanı olan Bakı Beynəlxalq Dəniz limanı və digər nəhəng layihələri də xüsusi qeyd etmək lazımdır. Bu meqalayihələr ölkəmiz və bütövlükdə regionun inkişafına dinamika veməklə yanaşı, həm də Azərbaycanın liderlik keyfiyyətini açıq şəkildə ortaya qoyur. Güclü siyasi iradə, düşünülmüş siyasətlə Azərbaycan bu layihələri əngəlləmək istəyən qüvvələrin qarşısına sədd çəkdi və beləliklə, əfasnələr gerçəyə çevrildi. Dövlət başçısının çıxışının böyük hissəsi ölkənin iqtisadi inkişaf konsepsiyasının detallarına, qarşıda duran strateji vəzifələrə həsr olundu. İdxaldan asılılığın aradan qaldırılması və ölkənin ixrac potensialının artırılması, əhalinin həyat səviyyəsinin daha da yüksəlməsi və məşğulluğun artırılması, bilavasitə regionların davamlı inkişafından asılıdır. Odur ki, Prezident ənənəvi olaraq, ilk növbədə bu il icra ediləcək infrastruktur layihələri ilə bağlı konkret tapşırıqlarını verdi.

- qazlaşdırma bu ilin sonuna qədər 95 faizə çatdırılmalıdır;

- yeni böyük elektrik stansiyası - generasiya gücü 400 meqavat olan “Şimal-2” işə düşməlidir, eyni zamanda, bölgələrdə elektrik təsərrüfatının yenidən qurulması, müasirləşdirilməsi istiqamətində böyük investisiya layihələri icra olunmalıdır;

- içməli su və kanalizasiya layihələri ilə bağlı işlər davam etdirilməlidir;

- ən azı 100 min hektar suvarılmayan torpaqlara su verilməlidir;

- 2300 kilometr avtomobil yolları - həm magistral, şəhərlərarası, eyni zamanda, kənd yolları çəkilməli, şərti olaraq “40 yol” adlandırılan layihə çərçivəsində minimum 600 kəndin yolu tikilməlidir;

- altı şəhərdə yeni rayon mərkəzi xəstəxanalarının tikintisi başa çatmalıdır və s.

Prezident İlham Əliyev genişmiqyaslı sosial-infrastruktur layihələri ilə yanaşı, regionlarda iqtisadi inkişafa bilavasitə təsir edən, ənənəvi bitkiçilik sahələrinin daha sürətli inkişafının təmini, yeni sənaye zonalarının yaradılması, turizm potensialının daha da gücləndirilməsi kimi qarşıda duran mühüm vəzifələrə toxundu. Eyni zamanda rəqabətqabiliyyətli yeni müəssisələrin yaradılması, qeyri-neft ixracının və idxalı əvəz edən məhsul istehsalının artırılması, yerli və xarici investisiyaların cəlb edilməsi və digər vacib tədbirlərin strateji hədəf kimi seçilməsi də ölkə iqtisadiyyatında regionların çəkisinin daha da artacağına şübhə yeri qoymur. Məhz, bu müsbət meyllər Azərbaycan iqtisadiyyatının üstünlükləri, habelə gələcək inkişaf dinamikası haqqında aydın təsəvvür yaradır. Üstəlik, valyuta ehtiyatlarının qorunub saxlanması, islahatların dərinləşməsi, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan ciddi addımlar imkanların daha da genişlənməsi ilə müşaiyət olunur. Dünyanın mötəbər və nüfuzlu qurumları - Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, beynəlxalq reytinq agentliklərinin Azərbaycan iqtisadiyyatının inkişaf templərini yüksək qiymətləndirməsi də bu mənada təsadüfü deyil. Davos Dünya İqtisadi Forumunun rəqabətqabiliyyətliliyinə görə Azərbaycanı 35-ci yerə layiq görməsi, ölkəmizin həmin siyahıda MDB məkanında liderliyi dediklərimizin əyani təsdiqidir. Eyni zamanda Azərbaycan dünya miqyasında inklüziv inkişaf indeksinə görə inkişaf edən ölkələr arasında üçüncü yerdədir. Məhz, büütün bunlar bir daha göstərir ki, öz müstəqil siyasəti, inkişaf modeli ilə seçilən Azərbaycan düzgün yoldadır və Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi ölkənin gələcək uğurlu inkişafı üçün heç bir maneə yoxdur.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (14.08.2018) :
Azbuludlu Gecə : +21+23 | Gündüz: +25+27
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR