Siyasət

Azərbaycanda son 5 ildə vərəmlə xəstələnmənin dinamikasında müsbət dəyişikliklər-azalma müşahidə olunub

30-01-2018 | 15:51        

  

Milli Məclisdə Səhiyyə komitəsinin təşkilatçılığı ilə “Qlobal çağırışlar və öhdəliklər: Azərbaycanda vərəmlə mübarizə” mövzusunda dinləmə keçirilib. Parlamentarilərin, hökumət və qeyri-hökumət qurumlarının təmsilçilərinin iştirak etdiyi dinləmədə vərəmlə mübarizə sahəsində görülən işlər və qarşıda duran vəzifələlər müzakirə olunub.

Azərbaycanda son 5 ildə vərəmlə xəstələnmənin dinamikasında müsbət dəyişikliklər-azalma müşahidə olunur. Əgər 2010-cu ildə hər 100 min əhaliyə 53 xəstə düşürdüsə, 2016-cı ildə bu göstərici 38 xəstə olub. Penitensiar sistemdə 1993-cü illə müqayisədə ölüm halları 105 dəfə azalıb. Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirdi ki, ölkəmzidə bu xəstəliyə qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir. Parlament isə lazım gəldikcə qanunvericiliyə müvafiq dəyişikliklər edir. Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli, millət vəkilləri Sədaqət Vəliyeva və Məlahət İbrahimqızı ölkəmizdə və dünyada bu sahədə görülən işlər barədə geniş məlumat verərək diqqətə çatdırdılar ki, vərəm dünyada ən çox yayılmış yoluxucu xəstəliklərdən biridir. Bu istiqamətdə son illər tədbirlər həyata keçirilsə də, bu gün vərəm yalnız həkimləri deyil, cəmiyyəti də narahat edən bir problemdir. Hər il dünyada 10 milyona yaxın insan vərəmə yoluxur, 1,8  milyon xəstə vəfat edir. Vərəm problemi dünya səhiyyə sisteminin qlobal problemi olaraq cəmiyyətin sağlam inkişafına təhlükə yaradır. Azərbaycanda isə görülən işlər, həyata keçirilən proqramlar vərəmə yoluxma dinamikasını müsbətə doğru dəyişib. Hazırda respublikada vərəm xəstəliyi ilə mübarizə aparan geniş vərəm əleyhinə tibb müəssisələri şəbəkəsi mövcuddur. Son illər bu müəssisələrin müddi-texniki bazasının gücləndirilməsi istiqamətində lazımı işlər görülüb. Ümumdünya Səhiyyə Təşkilatının strategiyasına uyğun olaraq Birbaşa Nəzarət Altında Mübarizə proqramı tətbiq edilir. Son 7 ildə vərəmin dərmana davamlı formalarının müalicəsinə başlanılıb. Azərbaycanın bu sahədəki nailiyyətləri Ümumdünya Səhiyyə Təşkilatı, Qlobal Fond, Beynəlxalq Qırmızı Xaş Komitəsi və digər beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilərək region ölkələri üçün nümunəvi təcrübə kimi göstərilib. Çıxışlarda vətəndaşların da vərəmlə mübarizə sahəsində ayıq-sayıq, fəal olmasının vacibliyi vurğulandı. Qeyd edildi ki, bəzən bu xəstəliyə tutulanlar rəsmi qeydiyyata düşməkdən çəkinirlər. Bu vəziyyəti yaradan  səbəbləri aradan qaldırmaq, streotipləri qırmaq üçün maarifləndirmə tədbirlərinin genişləndirilməsi vacib sayıldı.