Cəmiyyət

Dövlət qulluğuna qəbulun müsahibə mərhələsi üzrə qeydiyyat davam edir

30-01-2018 | 14:42        

  

Dövlət qulluğunda icraçı vəzifəsi üzrə qəbul imtahanlarının müsahibə mərhələsində namizədlərin qeydiyyatı fevralın 9-dək davam edəcək. Növbəti test imtahanı isə fevralın 18-də keçiriləcək.

Dövlət İmtahan Mərkəzi tərəfindən inzibati vəzifələrin 5-7-ci təsnifatlarına uyğun olan 1129 vakant icraçı vəzifəsinə müsabiqənin növbəti mərhələsi üzrə qeydiyyat fevralın 9-dək davam edəcək. Hazırda bu vakant vəzifələr üzrə müsahibədə iştirak etmək üçün qeydiyyatdan keçən namizədlərin sayı 801 nəfərdir. İnzibati vəzifələrin 7-ci təsnifatına uyğun olan 189 vakant yer üzrə qeydiyyat isə fevralın 23-dək davam edəcək.  İndiyədək isə 53 namizəd qeydiyyatdan keçib.

Qeyd edək ki, inzibati dövlət qulluğu vəzifələrinin B növü üzrə növbəti test imtahanı fevralın 18-də keçiriləcək. İmtahanda iştirak etmək üçün artıq 153 nəfər qeydiyyatdan keçib. Qeydiyyat fevralın 11-dək davam edəcək. Test imtahanından uğurla keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun sertifikat verilir. Sertifikatın qüvvədə olma müddəti 5 ildir. Namizəd dövlət qulluğu vəzifələri üzrə bir neçə sertifikat ala bilər.