Siyasət

Azərbaycan ATƏT Parlament Assambleyası ilə siyasi dialoqu yüksək qiymətləndirir

30-01-2018 | 14:35        

  

Azərbaycanın ATƏT-dəki daimi nümayəndəliyi qurumun Vyanada keçirilən Daimi Şurasında səsləndirilən fikirlərə cavab bəyanatı yayıb. Bəyanatda son illərdə Azərbaycanla ATƏT PA arasında əməkdaşlıqda tərəqqinin əldə olunması vurğulanır.

“Azərbaycan ATƏT Parlament Assambleyası ilə siyasi dialoqu yüksək qiymətləndirir”. Bu barədə bir müddət əvvəl Vyanada qurumun Daimi Şurasında ATƏT PA-nın prezidenti Georgi Sereteli tərəfindən səsləndirilən şərhə cavab olaraq Azərbaycanın qurumdakı nümayəndəliyinin bəyanatında deyilir. Sənəddə qeyd olunur ki, son dövrlərdə tərəflər arasında siyasi dialoq və fikir mübadiləsinin aparılmasında tərəqqi əldə olunub. Bu cür dialoq və qarşılıqlı anlaşmanın bir çox vacib məsələlər üzrə dəstəklənməsi regionumuzda etimad və təhlükəsizliyin möhkəmlənməsi baxımından böyük əhəmiyyət kəsb edir. Bildirilir ki, ATƏT  bölgəsindəki bütün münaqişələr hələ də sülh və təhlükəsizliyə ciddi təhdid olaraq qalır. Bəyanatda həmçinin qurumun Parlament Assambleyasının bu məsələlərin daha tez həlli üçün gündəlikdə saxlamasının vacibliyi vurğulanır. Son illərdə ATƏT  PA-nın qətnamələrində münaqişələrin həlli üçün bir daha üzv ölkələrin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınan sərhədlərin toxunulmazlığı prinsiplərinə əsaslandığı diqqətə çatdırılır. Yeri gəlmişkən, ATƏT-ə sədrlik edən İtaliyanın xarici işlər naziri Ancelino Alfano münqaişələrin həlli ilə bağlı prioritetlərini açıqlayıb. İtaliyalı diplomat bəyan edib ki, ölkəsi 2018-ci ildə ATƏT-ə sədrliyi çərçivəsində Dağlıq Qarabağ və ATƏT məkanındakı digər münaqişələrin nizamlanmasına maksimum diqqət göstərməyi planlaşdırır.