Bölgələr

Qədimilik və müasirliyin unikal vəhdəti: Qobustan...

30-01-2018 | 12:58        

  

Unikal daş kitabələr, ulu əcdadlarımızın yaşadığı həyat şəraiti, ibtidai inanclar, möcüzəli qayalar... Söhbətin hansı rayondan getdiyini yəqin təxmin etdiniz... Qobustandan xəbərimiz var -  canlı tarix salnaməmizdən... Ancaq Azərbaycanda həyata keçirilən sürətli sosial-iqtisadi islahatlar  qədim Qobustanın görkəminə maraqlı müasir çalarlar qatıb.

Deməli dağlar qoynunda yerləşən Qobustan bu gün öz iqtisadi inkişaf dövrünü yaşayır. Belə ki, , icrasına 2015-ci ildə başlanan layihə 2030-cu ilə qədər 14 min nəfərin içməli su təchizatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Hazırda həm şəhər, həm də Təsi, Bədəlli, Sədəfli, Dərəkənd, Cəmcəmli, Ərəbqədim, Göydərə kəndlərinin sakinləri təmiz və keyfiyyətli su ilə təmin olunur. Eyni zamanda Daşarası və Nərimankənd kəndlərinin ərazisində 2 su anbarı inşa edilib, 14,4 kilometr uzunluğunda magistral kəmər çəkilib və üçpilləli nasos quraşdırılıb.  Qobustanda “mədəniyyət –yoldan başlayır”-deyiminə sadiqdirlər. Sakinlərinin və qonaqların hərəkət rahatlığını təmin etmək üçün rayonun yol infrastrukturu da yenidən qurulub. Şəhərdaxili küçələrin 59 min kvadrat metr hissəsində asfalt örtüyü yenilənib. “Yeni yaşayış massivi adlanan ərazinin 3 kilometrlik hissəsinə isə ilk dəfə asfalt örtüyü çəkilib. Bu abad mənzərələrə sözün əsil mənasında işıq salmaq üçün yol boyu müasir işıqlandırma sistemi qurulub.

İnkişaf, gələcək mütləq təhsilə bağlıdır. Odur ki, rayonda bu sahəyə də böyük önəm verilir. Müasir arxitektura üslubunda inşa olunan 3 saylı tam orta məktəb 624 şagird üçün nəzərdə tutulub.  Üç mərtəbəldən ibarət olan binada sinif otaqları ilə yanaşı, zəngin kitabxana, kompüter otağı, idman və akt zalları  olacaq.  Həyətində idman meydançası,  içməli su və transformator yarımstansiyası, müasir standartlara cavab verən havalandırma sistemi quraşdırılacaq.

Belə müasir tikililərin sırasında mütləq yeni uşaq bağçalarını da qeyd etmək yerinə düşərdi. Balaca fidanların həm məktəbə qədər təhsilini, həm də əyləncə və istirahətini təmin edəcək yeni bağçanın ümumi sahəsi 826 kvadratmetrdir. 2 mərtəbədə  bütün zəruri avadanlıq, o cümlədən yumşaq və bərk inventar, əyani vəsaitlərlər var. Oyun zalında isə ən şıltaq uşaqların belə zövqünü oxşayacaq oyuncaqlar yer alıb.   

Yalnız balacalar deyil, gənclərin də asudə vaxtlarının səmərəli keçirməsi diqqət mərkəzindədir. Bu da son illər bu istiqamətdə görülən işlərə daha bir nümunə: Gənclər Mərkəzi.

Gözoxşayan  parklar... modern üslubda tikilən hovuzlar, bərq vuran işıqlandırma sistemləri... Bütün bunlar Şirvan elinin bir parçası olan bu qədim rayona bənzərsiz müasir çalarlar qatır.

Beləcə qısa zaman ərzində Qobustan adını turizm və iqtisadi mərkəz kimi Azərbaycanın inkişaf xətirəsinə həkk etdirib. Elə iqtisadiyyatdan söz düşmüşkən, qədim yurd yerimiz həm də ən son texnoloji yeniliklərin beşiyi sayıla bilər. Axı dünyada ilk dəfə olaraq hibrid tipli günəş və külək elektrik stansiyası da məhz rayonda fəaliyyət göstərir.  Bölgədə günəş batareyaları, həm də külək elektrik stansiyasının fəaliyyəti üçün lazımi avadanlıq quraşdırılıb. 38 hektar ərazidə inşa olunan Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzi külək, günəş və bioqaz stansiyaları ilə təchiz edilib. Bu isə ölkədə alternativ enerjinin hər üç yolla əldə edilməsi istiqamətində görülən işlərin real nümunəsidir. Dövlətin böyük dəstəyi sayəsində yaradılan hər bir belə müəssisə yeni iş yerlərinin açılması, insanların sosial rifahının yaxşılaşdırılması deməkdir. Elə sakinlər də doğma yurdlarının müasirləşməsi, abadlaşması prosesində ürəkdən çalışırlar.