Siyasət

Azərbaycan ATƏT Parlament Assambleyası ilə siyasi dialoqu yüksək qiymətləndirir

30-01-2018 | 10:27        

  

Azərbaycanın ATƏT-dəki daimi nümayəndəliyi qurumun Vyanada keçirilən Daimi Şurasında səsləndirilən fikirlərə cavab bəyanatı yayıb. Bəyanatda son illərdə Azərbaycanla ATƏT PA arasında əməkdaşlıqda tərəqqinin əldə olunması vurğulanır.

“Azərbaycan ATƏT Parlament Assambleyası ilə siyasi dialoqu yüksək qiymətləndirir”. Bu barədə bir müddət əvvəl Vyanada qurumun Daimi Şurasında ATƏT PA-nın prezidenti Georgi Sereteli tərəfindən səsləndirilən şərhə cavab olaraq Azərbaycanın ATƏT-dəki nümayəndəliyinin bəyanatında deyilir. Bəyanatda qeyd olunur ki, son illərdə tərəflər arasında siyasi dialoqun və fikir mübadiləsinin aparılmasında tərəqqi əldə olunub. Bu cür dialoq və qarşılıqlı anlaşmanın bir çox vacib məsələlər üzrə dəstəklənməsi regionumuzda etimad və təhlükəsizliyin möhkəmlənməsi baxımından böyük əhəmiyyət kəsb edir. Bildirilir ki, ATƏT regionundakı bütün münaqişələr hələ də sülh və təhlükəsizliyə ciddi təhdid olaraq qalır. Sənəddə həmçinin ATƏT PA-nın bu məsələlərin daha tez həlli üçün  gündəlikdə saxlamasının vacibliyi vurğulanır. Son illərdə ATƏT PA öz qətnamələrində münaqişələrin həlli üçün bir daha üzv ölkələrin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığı prinsiplərinə əsaslandığı diqqətə çatdırılır.