Mədəniyyət

“Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” yeni qanun layihəsi hazırlanıb

29-01-2018 | 16:41        

  

“Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” yeni qanun layihəsi hazırlanıb. Layihə Milli Məclisin Mədəniyyət komitəsinin iclasında müzakirə olunub. 

Mədəniyyət sahəsində altı yeni qanun layihəsi hazırlanır. Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Rəfael Hüseynov diqqətə çatdırdı ki, yeni layihələr parlamentin yaz sessiyasında komitədə müzakirəyə çıxarılacaq. Yaz sessiyasının işlər planına salınan və yenilənən “Kinematoqrafiya haqqında” qanun layihəsi rəy alınması üçün əlaqədar qurumlara da göndərilib. Bu layihə ilə yanaşı ölkədə kino sənətinin inkişaf etdrilməsi üçün Gömrük və Vergi Məcəllərinə dəyişiklər edilməsi də təklif olunur ki, komitə bu istiqamətdə də iş aparır. Yaxın zamanlarda “Kabel şəbəkəsi yayımı haqqında” yeni qanun layihəsi də müzakirəyə çıxarılacaq. Eləcə də “Yazılı abidələr haqqında” əhatəli qanun layihəsi hazırlanır. Yazılı abidələrin yeni statusu, təsnifatı və digər yeni müddəaların əks olunduğu sənəddə əksini tapan mühüm məsələlərdən biri işğal altında olan ərazilərimizdəki əlyazmalarla bağlı olacaq. Qeyd edildi ki, adlar və soyadlarla bağlı ölkədə hüquqi baza, müvafiq sənədlər olsa da, bu həyata keçirilən siyasətə tam cavab vermir. Ona görə yeni hazırlanan “Ad və soyadlar haqqında” qanun layihəsi bu yaxınlarda komitədə  müzakirəyə çıxarılacaq. Layihədə ad və soyadların milli aspektdə formalaşdırılması ilə bağlı yeni müddəalar də əks olunub. Azərbaycanın milli kulinariyasına daxil olan nümunələrin qorunması, onlara status verilməsi və digər məsələlər isə yeni hazırlanan “Kulinariya haqqında” qanun layihəsində toplanıb. Qeyd olundu ki, son zamanlar Azərbaycan kulinariyasına daxil olan nümunələrin işğalçı Ermənistan tərəfindən oğurlanması belə bir qanun layihəsinin hazırlanmasını daha da zəruriləşdirib. “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanun layihəsində isə Azəbaycan xalqının milli-mədəni və mənəvi sərvəti olan muğam sənətinin statusu, dövlət təminatı, təsnifatı, qorunması və inkişaf etdirilməsi üzrə Dövlət Proqramının qəbul edilməsi və həyata keçirilməsi, muğam irsinin toplanaraq mühafizə edilməsi, sistemləşdirilməsi, tədqiqi, nəşri, klassik və müasir seçmə ifaların kütləvi istehsalı və yayımı, bu sahədə ixtisaslı kadrların hazırlanması, Azərbaycanın müxtəlif bölgələrində istedadlı muğam ifaçılarının aşkarlanması üçün zəruri tədbirlərin həyata keçirilməsi, elmi araşdırmaların aparılmasına və əlaqələndirilməsinə şərait yaradılması, dərslik və dərs vəsaitlərinin hazırlanaraq nəşr edilməsi, Beynəlxalq səviyyədə Azərbaycan muğam sənətinin təqdim edilməsi və təbliği, nümunələrinin xarici dövlətlərin ərazilərində mənimsənilməsi, təhrif edilməsi və qeyri-qanuni istifadəsinin qarşısının alınması və hüquqi qorunması məqsədi ilə beynəlxaql əməkdaşlığa şərait yaradılması və digər məsələlər əksini tapır. Qanun layihəsində Azərbaycan muğamının başlıca göstəriciləri, növləri göstərilir. Qeyd olundu ki, bu qanun layihəsi qəbul edildikdən sonra “Aşıq sənətinin qorunması haqqında” layihə də müzakirəyə çıxarılacaq. Millət vəkilləri Azərbaycanda kütləvi tamaşa yerlərinin statusu ilə bağlı yeni qanun layihəsinin hazırlanmasını da təklif etdilər.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (15.11.2018) :
Buludlu Gecə : +8+10 | Gündüz: +12+14
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR