İqtisadiyyat

Qazaxıstan Senatı Azərbaycanla imzalanan müqaviləni təsdiq edib

29-01-2018 | 16:38        

  

Qazaxıstan Senatı avtomobil nəqliyyatı və yük daşımalarına dair Azərbaycanla imzalanan müqaviləni təsdiq edib. 

“Azərbaycanla Qazaxıstan arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş” ötən il Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Bakıya səfəri çərçivəsində imzalanıb. Qazaxıstanın İnvestisiya və İnkişaf naziri Jenis Kasımbek bildirib ki, sənəd Azərbaycan istiqamətində yük daşımalarını əhəmiyyətli dərəcədə artırmağa imkan verir. Saziş yük daşımaları ilə yanaşı, müxtəlif sahələrdə əlaqələrin inkişafına da töhfədir.

Jenis Kasımbek-Qazaxıstanın İnvestisiya və İnkişaf naziri

Son 2-3 ildə Azərbaycan üzərindən quru yolu ilə Gürcüstan və Türkiyəyə yükdaşımalar xeyli artıb. Bu, son illər hər 2 tərəfin nəqliyyat və kommunikasiya əlaqələrini gücləndirmək üçün həyata keçirdiyi birgə fəaliyyət nəticəsində reallaşıb. Azərbaycanla imzaladığımız müqavilə bu marşrutu daha da canlandıracaq.

Xəzər dənizinin Qazaxıstan hissəsində yeni Kurık limanının fəaliyyətə başlaması, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılması ilə Azərbaycan istiqamətində avtomobil nəqliyyatı da inkişaf edəcək. Tranzit imkanlarını genişləndirmək niyyətində olan Qazaxıstan bu məqsədlə Azərbaycan daxil olmaqla, indiyədək 41 ölkə ilə avtomobil nəqliyyatına dair müqavilələr imzalayıb.