Cəmiyyət

2017-ci ildə ilkin əlillik təyin olunanların sayı əvvəlki illə müqayisədə 31 faiz azalıb

29-01-2018 | 16:34        

  

2017-ci ildə ilkin əlillik təyin olunanların sayı 2016-cı illə müqayisədə 31 faiz, əlillik dərəcəsi verilənlərin sayı 26 faiz və ilkin olaraq sağlamlıq imkanları məhdud uşaq hesab edilənlərin sayı isə 49 faiz azalıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən kollegiya iclasında tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində görülən işlər müzakirə edilib.

2016-cı ilin əvvəlindən əlillik dərəcəsinin müəyyən olunması qaydalarına edilən dəyişikliklər, ümumilikdə 250 minə yaxın insanın hər il təkrar müayinədən keçməsi zərurətini aradan qaldırıb. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyində keçirilən kollegiya iclasında nazir Səlim Müslümov dedi. Aparılan islahatların nəticəsində ötən il 28 min 488 nəfərin əlilliyi və sağlamlıq imkanlarının məhdudluğu Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi tərəfindən avtomatik uzadılıb. Ümumilikdə, 2017-ci ildə ilkin əlillik təyin olunanların sayı əvvəlki illə müqayisədə 12 min 538 nəfər və ya 31 faiz az olub. Nazir bu qəbildən olan insanların sağlamlığının bərpası istiqamətində həyata keçirilən işlərdən də danışdı. Nazirliyin bərpa mərkəzləri tərəfindən ötən il 39,8 min əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud uşağa stasionar və ambulator şəraitdə bərpa xidmətləri göstərilib. Son bir ildə əlilliyi olanlar 33 min ədəd protez-ortopedik məmulat və reabilitasiya vasitəsi, tibbi göstərişi olanlara 1193 əlil arabası verilib. Nazir bildirdi ki, Prezident İlham Əliyevin diqqət və qayğısı ölkəmizdə tibbi-sosial reabilitasiya sisteminin müasir tələblərə uyğun səviyyədə qurulmasında da özünü göstərir. Nazirliyin Respublika Əlillərin Bərpa Mərkəzi və Uşaq Bərpa Mərkəzində ən yüksək standartlara uyğun bərpa-müalicə şəraiti mövcuddur. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə yaradılan Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsi də sağlamlıq imkanları məhdud uşaqların müalicə xidmətləri ilə təminatı yaxşılaşdırıb.

Kollegiya iclasında tibbi-sosial ekspertiza, əlilliyin qarşısının alınması, əlillərlə bağlı fərdi reabilitasiya proqramlarının tərtibi və həyata keçirilməsi məsələləri də müzakirə olundu.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (17.11.2018) :
Azbuludlu Gecə : +8+10 | Gündüz: +14+16
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR