Xarici xəbərlər

Ermənistanda teatrlar bağlanır, binaları restoranlara çevrilir

19-01-2018 | 12:00        

  

Ermənistan iqtidarı illədir mövcud olan iqtisadi tənəzzülün nəticələrini aradan qaldırmaqda acizdir. Ölkədəki dərin böhran   mədəniyyət sahəsinə də təsirini göstərib. Ermənistandan daha bir teatr bağlanır.

“Kukla teatrında ixtisarlar başlayıb, pul yoxdur, pis sonluq gözlənilir”. Bu başlıqla “armtayms” xəbər portalında geniş məqalə dərc olunub. Yazıda bildirilir ki, Ovanes Tumanyan adına kukla teatrının əməkdaşları  təşviş içindədir. Çünki, aktyorların əsas qismi ixtisar olunub. Qalanlar isə cüzi əmək haqqı ilə yarımştata keçirilib. Bu haqqda keçirilən mətbuat konfransında teatrın direktoru Ruben Babayan məlumat verib. Onun sözlərinə görə mədəniyyət ocağının vəziyyəti o qədər ağırlaşıb ki, əməkdaşları maddi baxımdan təmin etmək mümkün deyil: "Tetarı bilet satışı ilə saxlamaq mümkün deyil. Dövlət dəstəyi mütləqdir. Biz nə qədər çalışsaq da heyətimizi azaltmaq məcburiyyətindəyik. Çünki, onlara maaşdan əlavə qonorar verə bilmirik", - deyə Babayan qeyd edib.

Ermənistan hökuməti 2018-ci ilin büdcəsində  mədəniyyət sahəsinə, xüsusən də teatrlara maliyyə yardımları nəzərdə tutmayıb. Bu isə o deməkdir ki, digər teatrları da eyni aqibət gözləyir. Ruben Babayanın sözlərinə görə,  insanların da bu sahəyə marağı yoxdur. Əhalinin başı  sosial problemlərinin həllinə o qədər qarışıb ki, heç kimi tetara getmək maraqlandırmır. Bu səbəbdən də aktyorluq sənətinə gənclərin marağı azalır.

İrəvandakı Opera və balet teatrı da bağlanır, binası isə satışa çıxarılır.  Yaşı 100 ilə yaxın yaşı olan  bina   restoran kimi fəaliyyət göstərəcək.  Bu qərar sənət adamları arasında narazılıqla qarşılanıb. Bildirilir ki, hökümətin kommersiya maraqları mənəviyyatı üstələyir.  Bu isə mənfi nəticələrə gətirəcək.