Siyasət

20 yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar xarici KİV-lərdə məqalələr dərc olunub

19-01-2018 | 11:02        

  

20 yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar bir sıra xarici kütləvi informasiya vasitələrində məqalələr dərc olunub. Yazılarda bildirilib ki, 1990-cı il yanvarın 20-si tarixi Azərbaycanın müstəqillik, azadlıq və ərazi bütövlüyünün simvoludur.

Özbəkistanın kun.uz portalındakı məqalə “20 Yanvar böyük faciədir, bununla bərabər Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir” başlığı ilə yerləşdirilib. Yazıda bildirilir ki, 1990-cı il yanvarın 20-si tarixi Azərbaycanın müstəqillik, azadlıq və ərazi bütövlüyünün simvoludur. Həmin gün keçmiş SSRİ-nin rəhbəri Mixail Qorbaçovun əmri ilə Bakıya qoşun yeridilib, günahsız insanlar qətlə yetirilib, xeyli sayda insan yaralanıb. Ulu öndər Heydər Əliyev faciədən bir gün sonra Azərbaycanın Moskvadakı nümayəndəliyinə gedərək, bu faciəni törədənləri ittiham edib. Heydər Əliyevin təşəbbüsü ilə faciəyə siyasi-hüquqi qiymət verilib.

Braziliya mətbuatında çap olunan yazılarda da qeyd edilib ki, ulu öndər Heydər Əliyev tərəfindən faciəyə ilk siyasi qiymətin verilməsi bu hadisənin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynayıb. 20 Yanvar günü milyonlarla Azərbaycan vətəndaşının Şəhidlər xiyabanını ziyarət etdiyi və müstəqillik uğrunda canından keçən insanların xatirəsini ehtiramla andığı bildirilir.

20Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar Livanın “Al-Cumhuriyyə” qəzetində və ölkənin əsas xəbər saytlarından biri olan “Cedar news” xəbər portalında da məqalələr dərc edilib. Yazılarda 1990-cı il yanvarın 20-də sovet ordusunun müxtəlif istiqamətlərdən Bakıya hücum edərək, xeyli sayda dinc əhalini qətlə yetirdiyi bildirilib. Vurğulanıb ki, dinc sakinlərə qarşı törədilən vəhşiliklər xalqın azadlıq əzmini qıra bilməyib. Məqalələrdə ölkə rəhbərliyinin həyata keçirdiyi müdrik siyasət və islahatlar nəticəsində müasir Azərbaycanın sürətlə inkişaf edərək, regionda lider dövlətə və beynəlxalq miqyasda sabit və etibarlı tərəfdaşa çevrilməsindən də bəhs olunub.