Cəmiyyət

Ceyhun Hacıbəylinin "Seçilmiş əsərləri” çap olunub

19-01-2018 | 09:18        

  

Azərbaycanın mühacir ədəbiyyatının, tarixinin, publisistikasının inkişafında və təbliğində müstəsna xidmətləri olan Ceyhun Hacıbəylinin "Seçilmiş əsərləri” çap olunub.

Kitab Prezident İlham Əliyevin "Ceyhun Hacibəylinin 125 illik yubileyinin keçirilməsi haqqinda” Sərəncamına əsasən təsdiq edilmiş tədbirlər planına uyğun olaraq nəşr olunub. "Elm” nəşriyyatında çapdan çıxan kitabın baş redaktoru Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli, məsul redaktoru filologiya üzrə elmlər doktoru Nikpur Cabbarlı, tərtibçisi, ön söz və qeydlərin müəllifi filologiya elmləri doktoru Abid Tahirlidir.

“Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” kitablar seriyasında olan bu kitabda Ceyhun Hacibəylinin mühacirət illərində qələmə aldığı bədii-publisistik əsərləri və elmi araşdırmaları yer alıb.

Xatırladaq ki, görkəmli yazıçı, publisist, tərcüməçi, tədqiqatçı, ictimai xadim Ceyhun Hacıbəyli 1891-ci ildə fevral ayının 3-də Şuşada anadan olub. İlk təhsilini Şuşada Nəcəf bəy Vəzirovun müdir olduğu məktəbdə, orta təhsilini isə Bakıda alıb. 1908-ci ilin yanvarın 12-də qardaşı Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının tamaşaya qoyulmasında onun da xidmətləri olub. Ceyhun Hacıbəyli təhsilini davam etdirmək üçün Peterburqa gedərək, universitetin hüquq fakultəsinə daxil olub. Sonradan o, təhsilini məşhur Sorbon Universitetində davam etdirib. Ceyhun Hacıbəyli Azərbaycana qayıtdıqdan sonra müxtəlif qəzetlərdə Azərbaycan və rus dillərində məqalələrlə çıxış edib. O, eyni zamanda “Müsəlmanlıq”, “İzvestiya”, “İttihad”, “Azərbaycan” qəzetlərinin redaktoru olub. Azərbaycan Xalq Cümhuriyyəti dövründə bir müddət “Azərbaycan” qəzetində redaktor vəzifəsində çalışan Ceyhun Hacıbəyli 1919-cu ilin yanvar ayında Parisə - "Versal" sülh konfransına gedən nümayəndə heyətinin tərkibində olub. Lakin o vaxt orada səmərəli işlər aparan nümayəndə heyətinin səyi yarımçıq qalır. 1920-ci ilin aprelin 28-də Azərbaycanın XI rus ordusu tərəfindən işğal olunduğu xəbərini nümayəndə heyəti ürək-ağrısı ilə qarşılayır. Xalqımızın başına gələn bu faciədən xəbərdar olan nümayəndə heyətinin bütün üzvləri, o cümlədən də Ceyhun bəy Hacıbəyli bir daha vətənə qayıtmır. O, ömrünün sonuna qədər qürbət ölkədə qalmağa məcbur olsa da Azərbaycan dövləti və Azərbaycan xalqı naminə yorulmadan çalışır.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (17.11.2018) :
Azbuludlu Gecə : +8+10 | Gündüz: +14+16
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR