Mədəniyyət

Azərbaycanın və Avstriyanın gənc musiqiçiləri Vyanada konsert veriblər

19-01-2018 | 09:09        

  

Musiqi insanları birləşdirən körpü rolu oynayır və fərqli mədəniyyətə qarşı hörmət hissi aşılayır. Azərbaycan və Avstriya gənc musiqiçilərinin Vyana konserti  də bu məqsədlə reallşadırlıb.

Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzi daim gənc musiqiçilərə xüsusi diqqət ayırır, onların öz səhnə bacarıqlarını geniş ictimaiyyətə tanıtmasına dəstək göstərir. Mərkəzin rəhbəri Leyla Qasımovanın sözlərinə görə, rəhbərlik etdiyi qurum yarandığı ilk gündən  Azərbaycan incəsənətini və musiqisini Avstriyada ən yüksək səviyyədə təqdim etməyi qarşısına məqsəd qoyub. Bu məqsədlə Mərkəzin layihələrinə Azərbaycanın tanınan səhnə xadimləri dəvət olunur, onların avstriyalı həmkarları ilə eyni səhnəni paylaşmalarına şərait yaradılır. Leyla Qasımova onu da dedi ki, “Mahnılarla körpü yaradaq” adlı layihə çərçivəsinə Avstriyanın Klagenfurt şəhərində doğulan Kiara Taler ilə bakılı Fidan Hüseynova və Valeh Hüseynbəyli arasında əməkdaşlığın əsası qoyulub.  Dünyanın başqa ölkələrindəki həmyaşıdları ilə səhnəyə çıxmaq arzusunda olan gənc musiqiçilər birlikdə çox işlərə qadir olduqlarını nümayiş etdirirlər. Musiqinin insanları birləşdirən körpü rolu oynadığını və fərqli mədəniyyətə qarşı hörmət hissi aşıladığını yaxşı bilən yeniyetmələr məhz öz mahnıları ilə insanlar arasında dostluq və qarşılıqlı rəğbəti tərənnüm etmək niyyətindədirlər. Leyla Qasımovaya görə,  bu layihə ilk dəfə eyni səhnəni paylaşan musiqiçilərin gələcək əməkdaşlıqları üçün örnək olacaq.  Konsertdə  Avropa və Azərbaycan bəstəkarlarının əsərləri, tanınmış filmlərdən parçalar, eləcə də Azərbaycan və Avstriya xalq mahnıları ifa olundu.