Cəmiyyət

Görkəmli alim Zəhra Quliyevanın 95 illiyinə həsr olunan dəyirmi masa keçirilib

18-01-2018 | 15:39        

  

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində  ictimai-xadim, oftalmoloq-alim Zəhra Quliyevanın 95 illiyinə həsr olunan dəyirmi masa keçirilib. Onun həyat yolundan, pedaqoji və tibbi fəaliyyətindən söhbət açılıb.

Əvvəlcə  Ailə, Qadın və Uşaq Problemləri üzrə  Dövlət Komitəsinin kollektivi Fəxri Xiyabanda tibb elmləri doktoru Zəhra Quliyevanın məzarını ziyarət etdillər. Tibb sahəsində uzun illər çalışan, peşəsini ürəkdən sevən oftalmoloq-alim, 150-dən çox elmi işin, 3 monoqrafiya və bir neçə dərs vəsaitinin, eyni zamanda  ixtira və səmərələşdirici təkliflərin müəllifi olub. Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Zəhra Quliyevanın 95 illik yubileyinə həsr olunan dəyirmi masada dedi. Onun sözlərinə görə, Zəhra Quliyeva respublikamızın ictimai-siyasi həyatında fəal iştirak edib. O, dəfələrlə SSRİ Ali Sovetinin, rayon və Bakı şəhər sovetlərinin deputatı seçilib. İnsan Hüquqları üzrə müvəkkil Elmira Süleymanova, millət vəkili Məlahət İbrahimqızı qeyd etdilər ki, Zəhra Quliyeva fəaliyyəti dövründə ölkədə qadın problemlərinin həlli istiqamətində  fəal iştirak edib.  Digər çıxış edənlər onun Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri kimi fəaliyyətindən də söz açdılar. Görkəmli alimin tibb elminə verdiyi töhfələrdən, vətənpərvərliyindən, yüksək mədəniyyəti ilə ölkədə qazandığı nüfuzdan danışdılar.