Cəmiyyət

20 Yanvar faciəsinin ildönümü ilə bağlı tədbirlər keçirilib

17-01-2018 | 15:32        

  

20 Yanvar faciəsinin ildönümü ilə bağlı Səbail Rayon İcra Hakimiyyətində rayonda yaşayan 20 Yanvar şəhidlərinin ailələri və faciə zamanı əlil olmuş rayon sakinləri ilə görüş keçirilib. Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev qeyd edib ki, keçmiş Sovet ordusu qarşısına silahsız çıxaraq canlarından keçən 20 Yanvar şəhidləri müasir tariximizin qəhrəmanlarıdırlar. Bildirilib ki, bu hadisəyə düzgün siyasi və hüquqi qiymətin verilməsində ulu öndər Heydər Əliyevin tarixi xidmətləri var. Bildirilib ki, rayon İcra Hakimiyyətində 20 yanvar faciəsi ilə bağlı tədbirlər planı hazırlanıb, yanvar ayının 19-da isə rayondakı bütün təhsil müəssisələrində keçirilən birinci dərslər bu faciəyə həsr ediləcək. Görüşdə çıxış edən şəhid ailələri və 20 Yanvar əlilləri onlara göstərilən diqqət və qayğıdan söz açıblar. Tədbirdə bu qəbildən olan rayon sakinlərini maraqlandıran suallar cavablandırılıb.

20 Yanvar faciəsinin ildönümü ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayondakı Şəhid Dilavər Məmmədzadə adına 232 saylı tam orta məktəbdə tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları məktəblilərin əl işlərindən ibarət sərgi ilə tanış olublar. Şəhidlərin xatirəsi sükutla yad edildikdən sonra ədəbi-bədii kompozisiya təqdim olunub. Şagirdlər həmin gecənin dəhşətlərini canlandırıblar. Səhnəciklərdə xalqımızın azadlığı, müstəqilliyi hər şeydən uca tutması tərənnüm olunub. Məktəbin direktoru Məhluqə Əzizova bildirib ki, 20 Yanvar Azərbaycan tarixinə təkcə faciə kimi düşməyib. Həmin gün həm də xalqımızın qəhrəmanlıq salnaməsidir. BDU-nun jurnalistika fakültəsinin dossenti Sevinc Əliyeva və digər çıxış edənlər qeyd ediblər ki, 20 yanvar faciəsinə ilk hüquqi qiymət ulu öndər Heydər Əliyev tərəfindən verilib. Vurğulanıb ki, gənc nəslin vətənpərvər ruhda böyüməsində və tariximizi yaxşı bilməsində bu cür tədbirlərin böyük əhəmiyyəti var.

20 Yanvar faciəsi ilə bağlı Suraxanı rayonundakı şəhid Mehdi Mehdiyev adına 280 saylı tam orta məktəbdə də tədbir keçirilib. Dövlət himni səsləndirilib, şəhidlərin xatirəsi yad olunub. Məktəbin direktoru Nizami Niftiyev bildirib ki, bu cür tədbirlərin keçirilməsində məqsəd yetişən nəsilə xalqımızın müstəqillik uğrunda keçdiyi şərəfli yol barədə məlumat verməkdir. Qeyd edilib ki, 20 yanvar hadisələrində Moskvada yaşayan ümummilli lider Heydər Əliyev həyatını təhlükədə qoyaraq oradakı nümayəndəliyimizə gəldi, bu qırğını törədənləri pisləyən kəskin bəyanatla çıxış etdi. Sonra şagirdlər əbədi-bədii kompozisiya təqdim ediblər. O gecədə yaşanan dəhşətlər şagirdlərin ifasında canlanıb. Məktəblilərin hazırladığı səhnəciklər xalqımızın azadlıq ruhundan və qəhrəmanlığından bəhs edir.