Rəsmi xronika

Prezident İlham Əliyev Bakı Paylayıcı Şəbəkəsinin yeni inzibati binasının və yarımstansiyalarının açılışında iştirak edib

17-01-2018 | 14:20        

  

Bu gün Prezident İlham Əliyev “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Bakı Paylayıcı Şəbəkəsinin yeni inzibati binasının və yeni yarımstansiyalarının açılışında iştirak edib.

Prezident İlham Əliyev “Azərişıq” ASC-nin Bakı Paylayıcı Şəbəkəsinin inzibati binası və 220 saylı yarımstansiyanın yerləşdiyi əraziyə gəldi.

Orijinal layihə əsasında inşa edilən yeni inzibati bina və 220 saylı yarımstansiya bir-biri ilə harmoniya yaratmaqla xüsusi memarlıq üslubuna malikdir. Prezident Ilham Əliyev həmin obyektlərin açılışını bildirən lenti kəsdi.

“Azərişıq” ASC-nin sədri Baba Rzayev görülən işlər barədə dövlət başçısına məlumat verdi.  Bildirildi ki, hazırda  “Azərişıq”ın balansındakı  bütün energetika qurgularının, eləcə də,  ofis və yardımcı texniki binalar ən müasir standartlara uyğun inşa edilir. Xatırladaq ki, əlavə torpaq sahəsi ayrılmadan, sıxlığa səbəb olmadan istismar müddətini keçmiş açıq paylayıcı quruluşlu yarımstansiyaların yerində əsasən qapalı tipli yarımstansiyalar və ərazidən səmərəli istifadə etməklə inzibati binalar tikilir. Yenidənqurmadan sonra istifadəyə verilən 220 saylı yarımstansiyanın ərazisində paralel olaraq meqapolislərin şəhərsalma prinsiplərinə müvafiq qaydada modern memarlıq üslubunda “Azərişıq” ASC-nin  Bakı Paylayıcı Şəbəkəsinin yeni inzibati binası inşa olunub. Ofis binası ən müasir standartlara uyğundur. Yeni inzibati binada milli və beynəlxalq memarlıq ənənələri üzvi şəkildə bir-birini tamamlayır.

Sonra dövlət başçısına yeni yarımstansiya barədə məlumat verildi. Bildirildi ki, 1954-cü ildə tikilən və istismar müddəti başa çatan 220 saylı yarımstansiya tamamilə köhnəlmişdi. Prezident İlham Əliyevin sərəncamlarına əsasən Bakı şəhərində həyata keçirilən infrastruktur layihələri, çoxmənzilli binaların tikintisi ilə əlaqədar inşaatı başlanılan sosial obyektlərin dayanıqlı elektrik təchizatını təmin etmək üçün bir sıra yarımstansiyaların, o cümlədən, 220 saylı yarımstansiyanın yerində qapalı tipli, müasir avadanlıqlarla təchiz edilən yeni yarımstansiya, eləcə də, ərazidən səmərəli istifadə etməklə  Bakı Paylayıcı Şəbəkəsinin yeni inzibati binası inşa olundu. Paytaxtın Xətai, Nəsimi, Nərimanov və Səbail rayonlarının böyük hissəsini, eləcə də,  bir çox strateji obyektləri elektrik enerjisi ilə təchiz edən yeni yarımstansiya əsaslı şəkildə genişləndirilib. Bu energetika qurğusunun gücü iki dəfədən çox artırılaraq 100 meqavoltamperə çatdırılıb. Hazırda həmin yarımstansiya 100 mindən çox sakini əhatə edən 25 min abonenti, həmçinin, perspektivdə yaradılacaq obyektləri də elektrik enerjisi ilə təchiz etmək gücündədir. Yeni yarımstansiyaya “Sahil” yarımstansiyasından 35 kilovoltluq kabel xətti çəkilib. Bununla da mühüm əhəmiyyət kəsb edən Bakının qovşaq yarımstansiyalarının 35 kilovotluq elektrik təchizatı sxeminin formalaşması işi başa çatdırılıb. Qeyd edək ki, yarımstansiyada müasir tipli vakuum və eleqaz avadanlıqları, elektron tipli rele mühafizəsi və avtomatika sistemləri quraşdırılıb. Bununla yanaşı həmin yarımstansiya SCADA  - məsafədən dispetçer idarəetmə sisteminə qoşulub ki, bu da birbaşa elektron idarəetməni təmin edir.

Yeni ofisdə, inzibati binada əməkdaşların səmərəli fəaliyyəti üçün hər cür şərait yaradılıb. Prezident İlham Əliyev həyata keçirilən dövlət siyasətinin səmərəliliyinin artırılması üçün ölkəmizdəki bütün qurumlarda iş şəraitinin köklü şəkildə yaxşılaşdırılmasını və ən son elmi-texniki yeniliklərin tətbiqini tapmasını prioritet vəzifələrdən biri kimi qarşıya məqsəd qoyub. Yeni ofisdə yaradılan mükəmməl şərait kollektivin üzərinə düşən vəzifələri layiqincə raellaşdırılmasına geniş imkanlar açır. “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti balansındakı bütün inzibati binalarda ən müasir informasiya-kommunikasiya texnologiyaları tətbiq edilir. Bakı Paylayıcı Şəbəkənin ofisində bütün kommunal məsələlər də hərtərəfli həllini tapıb. Akt salonu da  müasirliyi ilə seçilir. Burada müxtəlif tədbirlərin keçirilməsi üçün lazimi şərait yaradılıb. Buradakı arxivin yaradılması zamanı qabaqcıl beynəlxalq təcrübədən geniş istifadə olunub. Burada da informasiya-kommunikasiya texnologiyaları səmərəli tətbiqini tapıb. Konfrans otağı da günün tələblərinə maksimum cavab verir. Ən son elmi-texniki yeniliklərin geniş tətbiqi sayəsində burada da səmərəli fəaliyyət üçün hərtərəfli imkanlar var.

Sonra Prezident İlham Əliyevə Bakı Rayon Elektrik Təchizatı və Satışı İdarəsinin Yasamal rayonu ərazisindəki yenidən qurulan 110/35/10 kilovoltluq “Yasamal-1” yarımstansiyası barədə məlumat verildi. Bildirildi ki,  “Yasamal-1” yarımstansiyası Bakı şəhərində tikilən ilk 110kilovoltluq yarımstansiyalardan biridir. Həmin yarımstansiya fiziki və mənəvi baxımdan istismarını tam başa vurmuşdu, günün tələblərinə cavab vermirdi, artan yüklərin qarşılanması, istehlakçıların keyfiyyətli elektrik enerjisi ilə təchiz edilməsi problemlər yaradırdı. Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən yenidən inşa olunan yaşayış binalarının artan  güc tələbatını ödəmək, perspektiv inkişafa uyğun olaraq digər istehlakçıları dayanıqlı elektrik enerjisi ilə təmin etmək üçün “Yasamal-1” yarımstansiyası   tamamilə yenidən qurularaq gücü 2 dəfədən çox artırıldı. Həmin yarımstansiyada 35 və 10 kilovoltluq qapalı paylayıcı qurğular, məsafədən idarə edilən SCADA dispetçer idarəetmə mərkəzi inşa olunub. “Yasamal-1” yarımstansiyası Yasamal rayonunun dövlət əhəmiyyətli obyektlər də daxil olmaqla böyük bir hissəsini elektrik enerjisi ilə təmin edir.  Yasamal rayonu üzrə abonentlərin təqribən 50%-nin elektrik enerjisi ilə qidalanması bu yarımstansiyanın payına düşür.

Prezident İlham Əliyev məsafədən idarə olunan SCADA dispetçer sistemi vasitəsilə 110 kilovoltluq “Yasamal-1” yarımstansiyasını işə saldı.

Daha sonra dövlət başçısına 35/10-6 kilovoltluq 120 saylı və  Qobu qəsəbəsi ərazisində yeni inşa edilən 110/35/10 kilovoltluq “Qobu” yarımstansiyarı barədə məlumat verildi.

Yasamal rayonu ərazisində 1949-cu ildə tikilib istismara verilmiş 120 saylı yarımstansiyanın da elektrik avadanlıqlarının istismar müddəti bitdiyindən və bu energetika qurğusu texniki parametrlərini itirdiyindən istehlakçıların elektrik təchizatında çətinliklər yaranırdı. Yasamal rayonunda tikilən çoxsaylı hündürmərtəbəli yaşayış binalarının, təhsil, tibb, sosial və məişət obyektlərinin elektrik təchizatının təmin etmək üçün yarımstansiyanın yenidən qurularaq gücləndirməsi zərurətə çevrilmişdi. Bu səbəbdən tamamilə yenidən tikilən 120 saylı yarımstansiyanın gücü də 2 dəfə artırıldı.  Yarımstansiyada 35, 10 və 6 kilovoltluq yeni qapalı paylayıcı qurğular inşa edildi, müasir tipli eleqaz və vakuum elektrik avadanlıqları və digər  avtomatika sistemləri quraşdırıldı. Bununla da həmin yarımstansiya 110 kilovoltluq “Yasamal-1”, “Badamdar” və “Dağlıq” yarımstansiyalardan qidalanan 35 kilovoltluq elektrik təchizat sxeminə daxil edildi. Hazırda 120 saylı yarımstansiyadan  dövlət əhəmiyyətli və iri enerji tutumlu obyektlər, yaşayış massivləri və digər sosial obyektlər elektrik enerjisi ilə təmin olunur.

Prezident İlham Əliyevə məlumat verildi ki, Qobu qəsəbəsinin yerləşdiyi ərazidə ilk dəfə tam yeni 110 kilovoltluq yarımstansiya inşa edilib. Son illərdə burada gedən inkişaf tempi, yaşayış massivlərinin sürətlə artması, o cümlədən, Qobu, Güzdək, Aşağı Güzdək,Hökməli, Sulutəpə, Masazır, Müşfiq qəsəbələri və Xırdalan şəhərinin böyük bir hissəsinin dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi üçün bu yarımstansiyanın inşası zəruri idi. Yarımstansiyanın 110 kilovoltluq 3-cü və 4-cü Puta hava xətlərinə birləşdirilməsi üçün 110 kilovoltluq dayaqlar quraşdırılıb, yaşayış məntəqələrini elektrik enerjisi ilə təmin etmək üçün 10 kilovoltluq hava xətləri çəkilib. Yeni inşa edilmiş “Qobu” yarımstansiyasından çəkiləcək 35 kilovoltluq elektrik veriliş xətləri vasitəsilə “502” və “Hökməli” yarımstansiyalarının elektrik təchizatı yerinə yetiriləcək. Dövlət başçısına “Azərişıq”ın elektrik təchizatı sxemi, 110 kilovoltluq “Bayramzadə” yarımstansiyası, Külək Elektrik Parkı və digər yenidənqurma layihələri barədə də məlumat verildi.

Bakı Paylayıcı Şəbəkəsinin inzibati binası və yeni yarımstansiyalarla tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıq və tövsiyyələrini verdi, kollektivə uğurlar arzuladı.  

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (19.02.2018) :
Gecə : +3 | Gündüz: +6
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.675 | Satış: 1.7015

Rubl:
Alış: 0.0281 | Satış: 0.0301

Avro:
Alış: 2.058 | Satış: 2.1319
AzTV TƏQDİM EDİR