Siyasət

Azərbaycanla Fransa arasında səmərəli əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib

17-01-2018 | 10:33        

  

UNESCO ilə Azərbaycanın əməkdaşlığı vacib və təqdirəlayiqdir. Bu fikirləri UNESCO-nun baş direktoru Odre Azule Fransada səfərdə olan xarici işlər naziri Elmar Məmmədyarovla görüşdə bildirib. Görüşdə, Azərbaycanın multikultiralizm və tolerantlıq ənənələri və Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub. Münaqişənin hazırkı vəziyyəti barədə Fransanın xarici işlər naziri ilə görüşdə də fikir mübadiləsi aparılıb.

“Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişə nail olmaq üçün Ermənistan BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq, işğal etdiyi Azərbaycan ərazilərindən çıxmalıdır”. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Parisdə fransalı həmkarı Jan-İv Lö Drian ilə görüşü zamanı bu fikirləri səsləndirib. Nazir, Rəsmi Bakının münaqişənin tezliklə həlli üçün substantiv, intensiv və məntiqi danışıqların tərəfdarı olduğunu və bu xüsusda həmsədrlərlə birgə səylərini davam etdirəcəyini vurğulayıb. Bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçılarının dəfələrlə bəyan etdiyi kimi, mövcud status-kvo qəbuledilməzdir. Görüşdə  ikitərəfli münasibətlərin səviyyəsindən məmnunluq ifadə olunub. Nazirlər Azərbaycan və Fransa arasında ticarət dövriyyəsinin artırılması istiqamətində birgə səylərin daha da genişləndiriləcəyini də vurğulayıblar.

Azərbaycanlı diplomat  UNESCO-nun baş direktoru Odre Azule ilə də görüşüb. Danışıqlarda UNESCO Azərbaycan ikitərəfli əməkdaşlığının güclənməsində Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın müstəsna rolu xüsusi vurğulanıb. Ölkəmizdə multikulturalizm və tolerantlıq ənənələri haqda danışan nazir  Azərbaycanla UNESCO arasında mədəniyyətlərarası dialoq sahəsində uğurlu əməkdaşlığın olduğunu bildirib. Prezident İlham Əliyevin təşəbbüsü ilə başlayan “Bakı Prosesi” barədə də məlumat verən nazir bu il həmin layihənin 10 illiyinin qeyd edildiyini diqqətə çatdırıb. Görüşdə Ermənistanın Azərbaycana qarşı təcavüzü də müzakirə edilib. İşğal olunmuş ərazilərdə, mədəniyyət abidələrinin dağıdıldığı, mədəni irsin məhv edildiyi vurğulanıb. Öz növbəsində UNESCO-nun baş direktoru Odre Azule mədəniyyətlərarası dialoq sahəsində UNESCO-nun Azərbaycan ilə əməkdaşlığının vacib və təqdirəlayiq olduğunu bəyan edib. Bu istiqamətdə birgə fəaliyyətin gələcəkdə də davam etdirilməsinin vacibliyini vurğulayıb.