Siyasət

NATO-nun mənzil-qərargahında təhlükəsizlik məsələləri müzakirə edilib

17-01-2018 | 10:23        

  

NATO-nun Brüsseldəki mənzil-qərargahında Alyansın Hərbi Komitəsinin “Qətiyyətli Dəstək” və “Sabitliyin layihələşdirilməsi” formatlarında görüşlər keçirilib. Baş Qərargah rəisləri səviyyəsində görüşlərdə Azərbaycan nümayəndə heyəti də iştirak edib. “Sabitliyin layihələşdirilməsi” formatında keçirilən görüşdə Avropanın cənub qonşuluğunda təhlükəsizlik və sabitliyə hərbi töhfə məsələləri, eləcə də bu töhfələr üzrə NATO, Avropa İttifaqı, regional təhlükəsizlik təminatçıları və milli səylər arasında əməkdaşlıq məsələləri müzakirə olunub. Azərbaycan Şimali Atlantika Alyansı ilə terrorçuluqla mübarizə və problemli bölgələrdə sabitliyin bərpası məqsədilə əməkdaşlıq edir. 2002-ci ildən 2014-cü ilədək Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri missiyasında, eləcə də NATO-nun Kosovodakı sülhməramlı missiyasında fəal iştirak edib. Hazırda isə Azərbaycan NATO-nun Əfqanıstanda Qətiyyətli Dəstək Missiyasına töhfə verir.