İqtisadiyyat

Luca Schieppati: TAP İtaliyanın və bütün Avropanın enerji təhlükəsizliyini gücləndirəcək

12-01-2018 | 16:05        

  

Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan “Trans-Adriatik” (TAP) qaz boru kəməri layihəsi İtaliyanın və bütövlükdə Avropanın enerji təhlükəsizliyini gücləndirəcək.

Bu barədə TAP-ın icraçı direktoru Luca Schieppati deyib.

O bildirib ki, TAP İtaliya üçün yeni bir təbii qaz təchizat mənbəyi olacaq. İtaliyanın 35 milyard kubmetr qaz tədarükünə dair müqavilələrin müddətinin 2020-ci ilə qədər bitəcəyi nəzərə alındıqda Azərbaycan təbii qazının bu ölkəyə nəqli İtaliyanın enerji təhlükəsizliyini gücləndirəcək. TAP qaz boru kəməri, eyni zamanda, İtaliyanın dekarbonlaşma məqsədlərinə nail olmasına yardımçı olacaq.

L.Schieppati TAP layihəsinin Yunanıstan, Albaniya və İtaliyadakı icra vəziyyəti barədə də danışıb: “Yunanıstanda 473 kilometr, Albaniyada 162 kilometr boru marşrut xətti boyunca düzülüb. Bundan əlavə, TAP marşrutu üzrə Yunanıstanda 457 kilometr, Albaniyada isə 156 kilometr boru qaynaq edilib. İtaliyaya gəldikdə isə bu ölkədə mikro-tunelin üçün tikinti sahəsinin hazırlanması artıq başa çatıb.

Qeyd edək ki, boru kəmərinin 765 kilometrlik Yunanıstan və Albaniya hissəsinin 380 kilometrində torpaq örtüyü əvvəlki vəziyyətinə gətirilib. TAP marşrutunun 72 faizindən çoxunda borular xətt boyunca düzülüb. Artıq TAP üzrə 610 kilometrdən çox borunun qaynağı tamamlanıb. Bundan başqa, boru kəmərinin 765 kilometrlik Yunanıstan və Albaniya hissəsində 683 kilometrlik ərazi tamamilə təmizlənib.

TAP layihəsi üzrə işlərin - mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla ümumilikdə 62 faizi tamamlanıb. Bu irəliləyiş TAP-ın keçdiyi hər üç ölkəni - Yunanıstan, Albaniya və İtaliyanı əhatə edir. TAP Avropa İttifaqı üçün prioritet enerji layihələrindən olan “Cənub Qaz Dəhlizi”nin bir seqmentini təşkil edir. Boru kəmərinin təməli keçən il mayın 17-də Yunanıstanın Saloniki şəhərində qoyulub. Layihənin ümumi dəyəri 4,5 milyard avro olacaq. Buraya 2009-cu ildən bəri davam edən dizayn və mühəndislik işləri də daxil edilib. “Şahdəniz” konsorsiumu ilk qaz satışını 2018-ci ilin sonunda Türkiyəyə və Gürcüstana həyata keçirəcək. Avropaya ilk qazın verilməsi isə bundan təxminən 1 il sonra 2020-ci ilin əvvəllərində planlaşdırılır.

TAP boru kəmərinin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olan ilkin layihəsi üzrə biri Yunanıstanın şərqində - Kipoidə, digəri isə Albaniyanın qərbində - Fierdə olmaqla ümumilikdə iki kompressor stansiyasının tikintisi qrafikə uyğun davam etdirilir. Kompressor stansiyaları ilə yanaşı, həmçinin Albaniyanın şərqində Bilisht regionuna yaxın ərazidə bir ölçmə stansiyasının inşası aparılır. Kompressor və ölçmə stansiyalarının tikintisi təxminən iki il müddətində başa çatdırılacaq. Bundan sonra isə ilkin istismara hazırlıq və tam istismara verilmə üzrə yoxlamalar keçiriləcək. TAP qaz boru kəməri üçün lazım olan turbo kompressorlar “Siemens” şirkəti tərəfindən istehsal edilib. Boru kəmərinin dəniz hissəsi isə 2018-2019-cu illərdə inşa ediləcək.

Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan TAP layihəsi Cənubi Qafqaz Boru Kəmərinin və TANAP-ın davamı olub, “Şahdəniz-2”dən hasil olunacaq qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. TAP boru kəməri TANAP ilə birləşəcək və Yunanıstanın Türkiyə ilə sərhəddə yerləşən Kipoi ərazisindən başlayacaq. Buradan TAP boru kəməri Yunanıstan və Albaniya ərazisini qət edərək şərqdən qərbə Adriatik dənizi sahillərinə doğru istiqamətlənəcək və İtaliyanın Puqlia bölgəsində sahilə çıxacaq. Boru kəməri burada “Snam Rete Gas” şirkətinin istismar etdiyi İtaliyanın qaz nəqliyyatı şəbəkəsinə birləşəcək. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır. TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulub.

Boru kəmərinin uzunluğu 878 kilometr (Yunanıstan–550 kilometr, Albaniya–215 kilometr, Adriatik dənizi–105 kilometr, İtaliya–8 kilometr), diametri isə 48 düymdür (sualtı hissə-37 düym). Boru kəmərinin ən aşağı hissəsi dəniz səviyyəsindən təxminən 820 metr dərinlikdə, ən yüksək hissəsi Albaniya dağlarında 1800 metr hündürlükdən keçəcək. 2020-ci ilədək layihə üzrə Azərbaycan şirkətlərinin xərclərinin 1,2 milyard dollar olması gözlənilir.

TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), “Snam S.p.A.” (20 faiz), “Fluxys” (19 faiz), “Enagás” (16 faiz) və “Axpo” (5 faiz).