İqtisadiyyat

“Made in Azerbaijan” loqosunun təqdimatı olub

12-01-2018 | 14:49        

  

“Prezident İlham Əliyevin tapşırığına əsasən, “Made in Azerbaijan” brendinin təbliği istiqamətində mühüm addımlar atılıb. Həyata keçirilən davamlı tədbirlər hesabına ümumilikdə 2017-ci ildə qeyri-neft sektorunda ixracat əvvəlki illə müqayisədə 30 faizdən çox artıb”. Bu barədə “Made in Azerbaijan” loqosunun təqdimatı mərasimində bildirildi. Qeyd olundu ki,  kənd təsərrüfatı məhsullarının ixracı 37, sənaye məhsullarının ixracı isə 25,4 faiz çoxalıb. Bununla yanaşı, ixrac olunan məhsulların çeşidi də 17 faiz artıb. İqtisadiyyat nazirinin müavini Sahil Babayev məlumat verdi ki, 2017-ci ildə Nazirlik tərəfindən 10 ölkəyə 13 ixrac missiyası təşkil edilib və il ərzində qeyri-neft məhsullarının ixracına görə yerli sahibkarlara 2,7 milyon manatdan çox ixrac təşviqi ödənilib. Hazırda milli brendimizin inkişafı, daha geniş coğrafiyada tanıdılması istiqamətində tədbirlər görülür. Bu məqsədlə həyata keçirilən tədbirlərdən biri də “Made in Azerbaijan” loqosunun  hazırlanmasıdır.

“Patent və Əmtəə Nişanları Mərkəzi” publik hüquqi şəxsin baş direktoru Günel Sevdimalıyeva sahibkarlara məxsus brendlərin və patent hüquqlarının xarici ölkələrdə qorunmasının iqtisadi və texniki əhəmiyyəti barədə məlumat verdi, “Made in Azerbaijan” loqosunun patentləşdirilməsinin zərurətini diqqətə çatdırdı. AZPROMO-nun rəhbəri Rüfət Məmmədov “Made in Azerbaijan” brendinin təşviqi istiqamətində 2017-ci ildə görülmüş işlər və 2018-ci ildə bu sahədə reallaşdırılacaq tədbirlərdən danışdı. Qeyd olundu ki, “Made in Azerbaijan” loqosu özündə ölkəmizin zəngin təbii sərvətlərini, müasirliyi, ölkəmizin yüksək mədəni səviyyəsini, eyni zamanda xalq sənətkarlığının atributlarını əks etdirir.

Sonda sahibkarları maraqlandıran suallar cavablandırıldı.