Mədəniyyət

Azərbaycan Milli Kitabxanası ilə Los-Anceles Universitet kitabxanası arasında anlaşma memorandumu imzalanıb

11-01-2018 | 10:07        

  

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası ilə Kaliforniya Los-Anceles Universitetinin (UCLA) kitabxanası arasında anlaşma memorandumu imzalanıb.

Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan bildirilib ki, imzalanma mərasimindən əvvəl UCLA kitabxanasının Yəhudi, Yaxın Şərq və Mərkəzi Asiya üzrə əməkdaşı Deyvid Hörş Azərbaycana səfərləri və ölkəmizin kitabxanaçılığın inkişafı istiqamətində əldə etdiyi uğurlar barədə təəssüratlarını bölüşərək, iki qurum arasında əməkdaşlığın gələcəyinə böyük ümidlə yanaşdığını qeyd edib.

Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov qarşılıqlı əməkdaşlığa dair memorandumun imzalanmasını hər iki kitabxana arasında mütəmadi olaraq kitab, informasiya və təcrübə mübadilələrinin həyata keçirilməsinə imkan yaradacağını, habelə oxucuların zəngin informasiya resurslarından istifadə imkanlarını xeyli artıracağını vurğulayıb. O, bu memorandumun imzalanmasının, eyni zamanda, qısa bir müddət ərzində həm Azərbaycan Milli Kitabxanasında, həm də UCLA kitabxanasında hər iki ölkənin tarixinin, mədəniyyətinin, elminin, adət və ənənələrinin təbliğində və öyrənilməsində əhəmiyyətli rol oynayacaq informasiya və elektron resursları fondunun formalaşmasına və oxucuların istifadəsinə verilməsinə imkan yaradacağını söyləyib. K.Tahirov, həmçinin UCLA kitabxanası ilə əlaqələrin yaradılmasında göstərdiyi dəstəyə görə Azərbaycanın Los-Ancelesdəki baş konsulluğuna təşəkkürünü bildirib.

UCLA kitabxanasının direktoru Virciniya Stil Milli Kitabxananın beynəlxalq tərəfdaşlardan birinə çevrilməsindən məmnunluq hissi duyduğunu bildirib. O, UCLA kitabxanası və Milli Kitabxananın əməkdaşlığı və birgə həyata keçirəcəyi layihələr vasitəsilə bütün dünyada alim və tələbələrə hər iki ölkə haqqında biliklərin daha geniş və asan şəkildə çatdırılacağına əminliyini ifadə edib.

Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev deyib ki, UCLA kitabxanası Milli Kitabxana ilə əməkdaşlığa başlayan ilk universitet kitabxanasıdır.

Baş konsul qeyd edib ki, iki qurum arasında imzalanan anlaşma memorandumu qarşılıqlı faydalı əməkdaşlığa, eləcə də hər iki xalqın daha da yaxınlaşmasına güclü zəmin yaradacaq.

Çıxışlardan sonra Azərbaycan Milli Kitabxanasının tarixi, fəaliyyəti və uğurlarını əks etdirən qısa film nümayiş olunub.

Sonda iki kitabxana arasında anlaşma memorandumu imzalanıb. Memorandumu Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov və UCLA kitabxanasının direktoru Virciniya Stil imzalayıblar.

K.Tahirov Azərbaycan Milli Ensiklopediyasının artıq nəşr olunmuş cildlərini və Azərbaycana dair digər kitabları UCLA kitabxanasına təqdim edib.

Qeyd edək ki, ABŞ-ın və dünyanın ən nüfuzlu universitetlərindən olan UCLA kitabxanasında 9 milyonadək kitab saxlanılır.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (17.01.2018) :
Buludlu Gecə : +1+3 | Gündüz: +5+7
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.635 | Satış: 1.72

Rubl:
Alış: 0.0274 | Satış: 0.03

Avro:
Alış: 1.787 | Satış: 1.8894
AzTV TƏQDİM EDİR