Rəsmi xronika

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

11-01-2018 | 09:33        

  

Yanvarın 10-da Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

2017-ci ildə Azərbaycanın sürətlə və uğurla inkişaf etdiyini deyən Prezident İlham Əliyev dünyanın müxtəlif yerlərində təhlükələrin, risklərin artmasına baxmayaraq, Azərbaycanda sabitliyin, təhlükəsizliyin təmin olunduğunu bildirdi. “Dünyada mövcud olan mürəkkəb geosiyasi vəziyyəti nəzərə alaraq ölkəmizdə əldə olunan nəticələr yüksək qiymətə layiqdir” deyən dövlət başçısı bütün bunların sabitlik nəticəsində əldə olunduğunu, bu sabitliyin və uğurlu siyasətin təməlində xalq-iqtidar birliyinin, xalqın dəstəyinin dayandığını vurğuladı. Dərin iqtisadi islahatlar ili kimi xarakterizə olunan 2017-ci ildə iqtisadi sahədə böyük uğurların qazanıldığını deyən Prezident İlham Əliyev beynəlxalq maliyyə qurumlarının Azərbaycanda gedən proseslərə yüksək qiymət verdiklərini bildirdi. Qeyd etdi ki, 2017-ci ildə Davos İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabət qabiliyyətliliyinə görə 35-ci yerdə qərarlaşdırıb və ölkəmiz bu baxımdan MDB məkanında liderliyini qoruyur. 2017-ci ildə Azərbaycanda ÜDM və qeyri-neft sektoru artıb, qeyri-neft sənayesində 3,6, kənd təsərrüfatında 4,1 faiz artım əldə olunub, valyuta ehtiyatları 4,5 milyard dollar artaraq 42 milyard dollara çatıb. Ötən il bir çox önəmli layihələr  icra edilib, Azərbaycan iqtisadiyyatına 14,6 milyard dollar sərmayə qoyulub, ixrac 19 faiz, qeyri-neft ixracı isə 24 faiz artıb. İdxalın sabit səviyyədə qalmasını böyük nəticə kimi dəyərləndirən Prezident İlham Əliyev vurğuladı ki, hər bir ölkə belə nəticələrlə fəxr edə bilər. Regionların inkişafının daim diqqət mərkəzində saxlanıldığını, keçən il 30-dan çox rayona səfər edərək verilən tapşırıqların icrası ilə yerindəcə tanış olduğunu deyən Prezident İlham Əliyev bölgələrdə yeni müəssisələrin açıldığını diqqətə çatdırdı. Bildirdi ki, keçən il 177 mini daimi olmaqla 221 min yeni iş yeri açılıb, işsizlik 5 faiz, yoxsulluq isə 5,4 faiz səviyyəsində qərarlaşıb, bu isə dünya səviyyəsində ən yaxşı nəticələrdən biridir. İnfrastruktur layihələrinin icrasının da diqqət mərkəzində saxlanıldığını deyən dövlət başçısı elektrik təchizatının yaxşılaşdırldığını, yeni yarımstansiyaların işə düşdüyünü, bölgələrdə qazlaşdırılma işlərinin sürətlə aparıldığını qeyd etdi, kənf təsərrüfatının inkişafı üçün önəmli tədbirlərin görüldüyünü bildirdi. Bundan əlavə, keçən il 1300 kilometr avtomobil yolu, o cümlədən 500-dən çox kəndə yeni yol çəkilib, içməli su layihələri uğurla icra edilib, 133 yeni məktəb və 30 tibb müəssisəsi tikilib və ya əsaslı təmir olunub, 2 olimpiya kompleksi istifadəyə verilib. Məcburi köçkünlərlə bağlı məsələlərin də həllini tapdığını, 2300 ailənin yeni mənzillərə köçürüldüyünü deyən dövlət başçısı Cocuq Mərcanlının bərpasını tarixi nailiyyət adlandırdı, Şıxarx qəsəbəsində aparılan quruculuq işlərinin əhəmiyyətini vurğuladı. Çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Prezident İlham Əliyev bu münaqişənin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyini vurğuladı, Azərbaycanın mövqeyinin ədalətli və beynəlxalq hüquqa əsaslandığını bildirdi. Qeyd etdi ki, bunu Dağlıq Qarabağda keçirilən dırnaqarası referendumun beynəlxalq ictimaiyyət və təşkilatlar tərəfindən tanınmaması ilə bağlı verilən bəyanatlar da təsdiqləyir. “Dünya birliyi Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz ərazisi kimi tanıyır” deyən dövlət başçısı bildirdi ki, bu, Avropa İttifaqının Şərq Tərəfdaşlığı sammitinin yekun bəyannaməsində də əksini tapıb. Azərbaycanın hərbi gücünün artdığını, beynəlxalq reytinqə görə ordumuzun dünyanın ən güclü ordularından biri olduğunu deyən Prezident İlham Əliyev növbəti illərdə də bu sahədə tədbirlərin görüləcəyini, yeni silahların alınacağını bildirdi. Dövlət başçısı “Azəri-Çıraq-Günəşli” yataqlarının işlənməsini nəzərdə tutan müqavilənin 2050-ci ilə qədər uzadılmasının əhəmiyyətini vurğuladı, Cənub Qaz Dəhlizinin icrasının uğurla təmin edildiyini, “Şahdəniz-2” layhəsinin icrasının 99 faizə, çatdığını, Cənubi Qafqaz kəmərinin 93 faiz, TANAP layhəsinin 90 faiz icra edildiyini, TAP layhəsi üzrə işlərin cədvəl üzrə getdiyini vurğuladı. Açılışı ötən il olan Bakı-Tbilisi-Qars dəmir yolunun Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevirdiyini deyən Prezident İlham Əliyev artıq  bir neçə ölkənin bu layihəyə qoşulmaqla bağlı müraciət etdiyini bildirdi, Şimal-Cənib nəqliyyat dəhlizinin icrası istiqamətində də önəmli addımların atıldığını, İran sərhədinə qədər dəmiryolunun tikintisinin təmin edildiyini söylədi. Ötən il baş verən önəmli hadisələr sırasında Azərbaycanda keçirilən İslam Həmrəyliyi Oyunlarını qeyd edən Prezident İlham Əliyev idmançılarımızın komanda hesabında birinci yerə çıxdıqlarını, 2017-ci ilin islam həmrəyliyi ili elan olunması ilə bağlı qərarın bizim bir daha öz tarixi köklərimizə bağlılığımızı göstərdiyini qeyd etdi və əmin olduğunu bildirdi ki, 2018-ci il də ölkəmiz üçün uğurlu olacaq. Sonra maliyyə naziri Samir Şərifov, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov və "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin sədri Rəşad Nəbiyev görülən işlər və qarşıda duran vəzifələrlə bağlı məruzə etdilər.

Yekun nitqində qarşıda duran vəzifələrdən danışan Prezident İlham Əliyev bir çox önəmli lyihələrin icrasının nəzərdə tutulduğu 2018-ci ildə ölkədə makroiqtisadi vəziyyətin sabitliyi ilə bağlı lazımi tədbirlərin görüləcəyini bildirdi. Prezident İlham Əliyev qeyri-neft sektorunun inkişafının daim diqqət mnərkəzində saxlanıldığını, sahibkarlara dövlət tərəfindən güzəştli kreditlərin verlməsinin davam etdiriləcəyini, yeni iş yerlərinin açılması üçün işlərin görüləcəyini, özünəməşğulluq proqramının icrası məqsədilə müvafiq vəsaitin nəzərdə tutulduğunu bildirdi. 2018-ci ildə yeni mənzillərlə təmin ediləcək köçkünlərin sayının keçən illə müqayisədə 2 dəfə artırılacağını deyən dövlət başçısı onu da vurğuladı ki, sosial infrastruktur layihələrinin icrası davam etdiriləcək, bölgələrdə modul tipli məktəblərin tikintisi aparılacaq, regionlarda və paytaxtda məktəblərin və tibb müəssisələrinin təmiri və inşası həyata keçiriləcək. Sənaye məhəllərinin yaradılması prosesinin davam etdiriləcəyini, kənd təsərrüfatının inkişafı üçün addımların atılacağını, yeni xalça fabriklərinin açılışının nəzərdə tutulduğunu deyən Prezident İlham Əliyev bildirdi ki, pambıqçılıq, baramaçılıq, fındıqçılıq, tütünçülük, çayçılıq, sitrusçuluqla bağlı müsbət nəticələr əldə olunub və bu sahələrə diqqət davam etdiriləcək. Heyvandalığın inkişafı, yeni kənd təsərrüfatı texnikasının alınması, zeytunçuluğun və arıçılığın inkişafı ilə bağlı əlavə tədbirlərin görüləcəyini deyən dövlət başçısı ticarət nümayəndəliklərinin yaradılmasının əhəmiyyətini vurğuladı. Prezident İlham Əliyev 2018-ci ildə 3 ASAN xidmət mərkəzinin də fəaliyyətə başlayacağını və daha 5 mərkəzin tikintisinə başlanılacağını qeyd etdi, turizmin inkişafı il bağlı bu il də əlavə tədbirlərin görüləcəyini vurğuladı. 2018-ci il TANAP layihəsinin icrası, Bakı-Tbilisi-Qars dəmiryolunun fəaliyyəti üçün önəmli il olacağını deyən dövlət başçısı bu il ölkədə 2 min kilometrdən çox avtomobil yolunun çəkiləcəyini, bölgələrdə qazlaşdırma işlərinin 95 faizə çatdırılmasının nəzərdə tutulduğunu, 100 min hektardan çox yeni sahəyə suyun təminatının təşkil ediləcəyini bildirdi. Bu il müstəqilliyimizin 100 illiyinin qeyd ediləcəyini deyən Prezident İlham Əliyev Azərbaycan Xalq Cumhuriyyətinin yaradılmasını tarixi hadisə adlandırdı, müstəqil Azərbaycanın Azərbaycan Xalq Cumhuriyyətinin varisi olduğunu dedi və bütün bunları nəzərə alaraq 2018-ci ili Azərbaycan Xalq Cumhuriyyəti ili elan etdi.