Digər

“The Culture Trip” portalı Azərbaycan haqqında silsilə məqalələr yayıb

10-01-2018 | 09:51        

  

Müxtəlif ölkələrin tarixi, mədəniyyəti, adət-ənənələri və turizm imkanlarından yazan “The Culture Trip” portalı Azərbaycan haqqında silsilə məqalələr yayıb. Yazılarda Odlar Yurdunun turizm potensialından, paytaxt Bakı və regionların görməli yerlərindən bəhs olunur.

Müəllif Sam Bedford təqdim etdiyi reportajlarında Azərbaycanın təbiəti, paytaxt Bakının simvolları olan Qız qalası, “Alov qüllələri” kompleksi, Atəşgah məbədi barədə ətraflı söz açır. O, Azərbaycanda turistlərin diqqətini cəlb edə biləcək kifayət qədər gözəl məkanların olduğunu vurğulayır.

"Azərbaycana gəlmək üçün 11 səbəb" adlı məqalədə Bakının tarixi yerləri, qədim tikililəri və müasir binaları haqqında məlumatlar yer alıb. Dünyanın böyük şəhərlərində təmizliyin problem olduğunu deyən müəllif Bakının indiyədək gördüyü ən təmiz şəhərlərdən biri olduğunu vurğulayır: “Bakı bulvarı Bayraq və Azadlıq meydanları daxil olmaqla bir neçə kilometr uzanır. “Ağ Şəhər”dən başlayaraq “Alov qüllələri”nədək olan istiqamətdə bulvar boyunca alış-veriş mərkəzləri, kafe və restoranlar yerləşir. Digər paytaxt şəhərlərlə müqayisədə Bakı təhlükəsiz və tolerant məkandır. Burada gecələr də rahat gəzib istirahət etmək mümkündür”, Sitatın sonu.

Müəllifin “Azərbaycanda 24 saatı necə keçirmək olar”, “Azərbaycana 2 həftəlik səyahət marşrutu”, “Azərbaycana ən yaxşı turlar”, “Bakıda 20 görməli yer”, “5 ən yaxşı çimərlik” başlıqlı yazılarında qədim İçərişəhər, Şirvanşahlar sarayı, Azərbaycan Xalça Muzeyi, məşhur Nizami küçəsi, Bakı Venesiyası və digər məkanlardan söz açılır. Sam Bedford bu məkanları dünyanın bir çox məşhur yerləri ilə müqayisə edir. Həmçinin müəllif Quba, Lənkəran, Şamaxı, Qəbələ, Şəki, Gəncə, və Qazax haqqında da turizm həvəskarlarına məlumat verir. Yazılarda Azərbaycanda “ASAN Viza” sisteminin tətbiqindən də bəhs edilir.

Sam Bedford, həmçinin Azərbaycan musiqisi barədə məlumat verir. 2011-ci ildə keçirilən “Eurovision” mahnı müsabiqəsində Azərbaycanın qalibiyyətindən yazır. Və müsabiqənin ölkəmizdəki möhtəşəm təşkilindən bəhs edir.