Mədəniyyət

Ötən il Azərbaycanla Özbəkistan arasında bir sıra mədəniyyət layihələri həyata keçirilib

08-01-2018 | 12:05        

  

2017-ci il Azərbaycan ilə Özbəkistan arasında mədəniyyət və turizm sahələrində əməkdaşlıq üçün uğurlu olub. Azərbaycanın Özbəkistandakı səfirliyi nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ötən il ölkələrimiz arasında əlaqələrin inkişafı istiqamətində çoxsaylı layihələr həyata keçirib. Daşkənddə və Səmərqənddə Azərbaycan mədəniyyəti həftəsi, mətbəx festivalları, konsert proqramları, dəb sərgiləri təşkil edilib. Səmərqənd Dövlət Universitetinin nəzdində bu şəhərdə yaşayan tanınmış azərbaycanlı, maarifçi, pedaqoq, naşir Seyid Rza Əlizadənin adını daşıyan Özbəkistan-Azərbaycan Dostluq Mərkəzinin açılışı olub. Ötən il iki ölkə arasında elmi, mədəni, ədəbi əlaqələrə həsr edilmiş konfranslar təşkil edilib. Mərkəzin layihəsi ilə Özbəkistanın Xalq Şairi Camal Kamalın Bakıda 80 illik yubileyi qeyd olunub, müxtəlif görüşlər keçirilib. Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov  ötən il 12 özbək jurnalistin Azərbaycana mediaturunu reallaşdırdıqlarını söyləyib. Mədəniyyət Mərkəzinin layihəsi ilə hazırlanan və iki xalq arasında dostluq əlaqələrinə dair “Əzəli dostluq riştələri” adlı sənədli film hər iki ölkənin ictimaiyyətinə təqdim edilib. Mədəniyyət Mərkəzinin layihəsi ilə dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”sinin özbək dilinə tərcüməsi istiqamətində iş görülür. Eləcə də “Azərbaycan-Özbək, Özbək-Azərbaycan” lüğətinin hazırlanmasına  start verilib.