Mədəniyyət

Xalq artisti Faiq Ağayevin səhnə fəaliyyətinin 30 illiyinə həsr olunmuş konsert keçirilib

29-12-2017 | 14:06        

  

Azərbaycanın xalq artisti, populyar estrada müğənnisi Faiq Ağayevin səhnə fəaliyyətinin 30 illiyinə həsr olunan konsert proqramı olub. Konsert Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilib.

Xalq artisti, müğənni Faiq Ağayevin  yaradıcılığının 30 illiyinə həsr olunan konsert proqramında ilk olaraq onun peşəkar səhnəyə  gəlişi ilə bağlı  video-çarx təqdim edildi. 1988-ci ildə "Bakı Payızı-88" respublika müsabiqəsinin qalibi olan  müğənni "Qızıl Payız-89" "Vitebsk-90"   və "Yalta-92" müsabiqələrində peşəkar ifaçı kimi ad qazanıb. Retro mahnılar müsabiqəsində və "Qızıl Şlyager" – Mogilyov – 96 Beynəlxalq müsabiqəsində də qalib gəlmişdir. 1996-cı ildən o, Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətinin solistidir. 1995-ci ildə müğənninin "Ola bilməz" adlı ilk albomu çıxıb. "Səni əvəz eləmir", "Vəfasızım", "Faiq Ağayev – Seçmələr", "Minilliyin sonu..." və "Tam məxfi" adlı albomları ona şöhrət qazandırıb. Sonra Dövlət Təhlükəsizlik Xidmətinin  əməkdaşlarından ibarət özfəaliyyət kollektivi səhnədə yer aldı. Onlar Faiq Ağayevin repertuarından ən çox sevilən mahnılarını ifa etdilər. Nəhayət, Azərbaycan Televiziya və Radiosunun solisti,  xalq artisti  Faiq Ağayev səhnəyə çıxdı. O, ilk olaraq sənətinə verilən qiymətə görə, tədbirin təçkilatçılarına təşəkkürünü bildirdi. Qeyd etdi ki,  DTX-nin əməkdaşlarının onun mahnılarını ifa etməsi yubileyinə ən gözəl hədiyyədir.

Konsertin sonunda  Faiq Ağayev Dövlət Təhlükəsizlik Xidmətinin  əməkdaşlarından ibarət özfəaliyyət kollektivi ilə birgə Polad Bülbüloğlunun məşhur “Azərbaycan Odlar Yurdum Mənim mahnısını” ifa etdi.