Cəmiyyət

Diasporla İş üzrə Dövlət Komitəsinin kollektivi ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib

29-12-2017 | 13:55        

  

31 dekabr Dünya Azərbaycanlıların Həmrəylik Günü münasibəti ilə Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdə fəaliyyət göstərən bir sıra diaspor təşkilatlarının nümayəndələri Fəxri Xiyabanda müasir müstəqil dövlətimizin qurucusu, ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etdilər.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad olundu.

Ölkəmizin tanıdılması üçün Azərbaycan diasporunun gördüyü işlərdən danışan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bildirdi ki, müstəqil dövlətimizin qlobal siyasətdə rolu gündən günə artır.

Nazim İbrahimov- Diasporla İş üzrə Dövlət Komitəsinin sədri:

- Azərbaycanın dünya siyasətində öz məxsusi yeri var. Prezident İlham Əliyevin apardığı uzaqgörən siyasət ilə hər il Azərbaycan inkişaf edir, dünyada daha yüksək səviyyədə tanınmağa başlayır. Ölkənin yüksək səviyyədə tanınması Azərbaycan diasporunun üzərinə xüsusi vəzifələr qoyur. Azərbaycan diasporunun fəaliyyəti üçün dövlətimiz tərəfindən bütün şərait yaradılıb. Birinci olaraq mənəvi şərait yaradılıb. Dünya ölkələrində yaşayan azərbaycanlıların da nüfuzu artmağa başlayıb.

 Vurğulandı ki, diaspor təşkilatları bundan sonra da Azərbaycanın tanıdılması üçün öz töhfəsini verəcək, ölkəmizin haqq səsinin dünyaya çatdırılmasında üzərinə düşən bütün vəzifələri layiqincə yerinə yetirəcək.