Cəmiyyət

Bayram günləri dövlət qurumları gücləndirilmiş iş rejimində çalışacaq

29-12-2017 | 10:10        

  

31 dekabr Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni il münasibəti ilə müvafiq dövlət qurumları gücləndirilmiş iş rejiminə keçir. Məqsəd bayram və istirahət günlərində əhalinin rahatlığının təmin edilməsidir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı günlərində əhalinin nəqliyyat, telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri və radio-televiziya yayımı ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsinə dair tabeli qurumlara, rabitə birlik və müəssisələrinə, həmçinin telekommunikasiya operatorlarına müvafiq tapşırıqlar verib. Bayram ərəfəsində və bayram günlərində sabit telefonların fasiləsiz işinin təmin edilməsi məqsədi ilə rabitə xidmətləri borclarına və digər səbəblərə görə telefonların şəbəkədən açılmaması, eləcə də daxil olan müraciətlərə həssaslıqla yanaşılaraq, operativ tədbir görülməsi nəzərdə tutulur.

Şəhərlərarası nəqliyyat gücləndirilmiş iş rejimində çalışacaq. Bakı Beynəlxalq Avtovağzal Kompleksində isə xüsusi komissiya yaradılıb. Bu komissiya həm qiymətlərə nəzarət edəcək, həm də sərnişinlərin rahat hərəkət intensivliyinə təminat yaradacaq. Bununla paralel əhalinin zəruri təlabatını ödəmək üçün bayram ərəfəsində və bayram günlərində marşruta buraxılacaq avtobusların sayı artırılacaq. Bunun üçün sahibkarlarla artıq ilkin razılığa gəlinib. Xəttə çıxacaq bütün avtobuslar ciddi texniki baxışdan keçirilir.Bundan əlavə bilet satışına da nəzarət gücləndirilib.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin kollektivi də bayram ərəfəsi və bayram boyu 10 gün ərzində gücləndirilmiş iş rejimində işləyəcək. Bayramla əlaqədər qatarla reginlara  və qonşu ölkələrə sərnişin daşımasında artım olacağı gözlənilir. Sərnişinlərin artan tələbatını ödəmək üçün Cəmiyyət tərəfindən müvafiq tədbirlər görülüb. Rəhbər şəxslərdən ibarət növbətçilik cədvəli təşkil edilib. Bundan əlavə sərnişin çoxluğunu nəzərə alaraq bütün istiqamətlərdə hərəkət edən qatarlara əlavə vaqonlar qoşulması məsələsi də artıq öz həllini tapıb.

Qarşıdan gələn bayram və istirahət günlərində əhalinin məişət qayğılarını yüksək səviyyədə ödəmək üçün müvafiq qurumlar da gücləndirilmiş iş rejimində çalışacaq. “Azərişıq” ASC tərəfindən bayramı günlərində enerji istehlakçılarının və bayram tədbirlərinin keçirildiyi yerlərin fasiləsiz enerji təchizatının təmin olunması məqsədilə bir sıra texniki və təşkilati tədbirlər görülüb. Mərkəzi Aparatı üzrə məsul şəxslərdən ibarət növbətçilik təşkil edilib  və 199 saylı “Cağrı mərkəzi” 24 saat fasiləsiz xidməti üçün heyət sayı artırılıb. Bayram tədbirlərinin keçiriləcəyi yerlərin fasiləsiz elektrik enerjisi ilə təchiz olunması, habelə baş verə biləcək hər hansı qəza hadisəsinin qarşısının alınması qəza xidmətinin hərəkət istiqamətləri və mal-material ehtiyyatı təmin edilib. 

”Azərsu” ASC-də yaxın günlərdə əhaliyə içməli suyun verilməsində fasilələrin olmaması və qəzaların baş verməməsi üçün bütün zəruri tədbirlər görülüb. Bütün yerli qurumlarda xüsusi qruplar yaradılıb. Bu quruplar baş verə biləcək hər hansı bir qəzanı ən qısa vaxtda aradan qaldıracaq. 24 saatlı iş rejimində calışan Cəmiyyət əməkdaşları Qaynar xəttə edilən istənilən zəngə operativ cavab verəcək.

Yaxin günlərdə “Azəristiliktəchizat” ASC –nin də bütün qurumları gücləndirilmiş iş rejimində çalışacaq. Bununla bağlı Cəmiyyətin rəhbər şəxslərindən ibarət növbətçilik cədvəli təşkil edilib. Paytaxtın 12 rayonunda və digər mərkəzi şəhərlərdə operativ quruplar yaradılıb. Baş verə biləcək qəzaların qarşısını operativ şəkildə almaq üçün qəza xidməti quruplarına əlavə texnika və canlı qüvvə cəlb edilib. “Azəristiliktəchizat” ASC tərəfindən 956 saylı “Qaynar xətt”i də fəaliyyətdədir.

“Azəriqaz” İstehsalat Birliyi kollektivi yaxın 10 gündə gücləndirilmiş iş rejimində işləyəcək. Bunun üçün bütün hazırlıqlar görülüb. Qəza xidmətlərin heyəti gücləndirilib. Əhalinin mavi yanacağa olan tələbatının yüksək səviyyədə ödənilməsi üçün bütün zəruri tədbirlər görülüb.

Bayram günləri əhalinin maksimum həddə qayğılarının qarşılanması üçün təcili yardım, metro nəqliyyatı xidmətində də təxirə salınmaz tədbirlər görülüb. Asayiş keşikçiləri də həmin günlər gücləndirilmiş rejimdə çalışacaqlar.