İqtisadiyyat

Qaz İxrac edən Ölkələr Forumu: 2040-cı ilədək Azərbaycanın təbii qaz ixracı ildə 48 milyard kubmetrə çatacaq

29-12-2017 | 09:59        

  

Qaz İxrac edən Ölkələr Forumunun “Global Gas Outlook” adlı hesabatında bildirilir ki, 2040-cı ilədək Azərbaycanda təbii qazın istehsal gücü 5,5 faiz artacaq. Artım tempi isə ildə 9,1 faiz təşkil edəcək. Bununla da 2040-cı ilədək ölkənin qaz ixracı illik 48 milyard kubmetrə çatacaq. Hesabatda göstərilir ki, “Qlobal təbii qaz hasilatının yarıdan bir qədər az hissəsi – 49,3 faizi hazırda MDB ölkələri və Şimali Amerikada, konkret olaraq ABŞ və Rusiyada, eləcə də Azərbaycanla yanaşı, digər bir sıra ölkələrdə reallaşır. Qaz İxrac edən Ölkələr Forumunun analitiklərinin fikrincə, ortamüddətli perspektivdə, təxminən dörd il ərzində MDB, Avropa və Asiyada əhəmiyyətli boru kəməri layihələri fəaliyyət göstərəcək ki, onlardan ən vacibi Azərbaycanın reallaşdırdığı “Cənub Qaz Dəhlizi”dir. Xatırladaq ki, Azərbaycan Qaz İxrac edən Ölkələrin Forumuna daxil olan dövlətlərin nazirlərinin 2015-ci ildə keçirilən 17-ci iclasında yekdilliklə təşkilata müşahidəçi qismində qəbul edilib. Hazırda Forumun Azərbaycanla yanaşı, daha 6 müşahidəçi üzvü var.