Cəmiyyət

Yasamalda abadlıq-quruculuq işləri davam etdirilir

28-12-2017 | 16:05        

  

Prezident  İlham Əliyevin tapşırığına uyğun olaraq paytaxtın Yasamal rayonunda da mərhələli və planlı şəkildə abadlıq-quruculuq işləri həyata keçirilir. Belə ki, rayonun mərkəzi küçələrində, məhəllədaxili yollarında, yaşayış evlərinin fasad və dam örtüklərində, park və meydançalarda, həmçinin, digər sahələrdə yenidənqurma və əsaslı təmir işləri aparılır. Son illərdə 50-dən çox ünvanda nümunəvi məhəllələr yaradılıb. Bununla rayonun ekoloji mühiti xeyli sağlamlaşdırılıb, rayon sakinlərinin istirahəti, asudə vaxtlarının səmərəli təşkili üçün əlverişli şərait yaradılıb. 2017-ci ildə  “Abad məhəllə” layihəsinin davamı olaraq 3 ünvanda nümunəvi məhəllə yaradılması işlərinə başlanıb. Yeni Yasamal yaşayış massivi-1, 3 və 4 nömrəli, Əsəd Əhmədov küçəsi, 203 və 205a nömrəli yaşayış evlərinin ətrafında abadlıq və yaşıllaşdırma isləri başa çatdırılaraq istifadəyə verilib. Növbəti belə məhəllə 7-ci Sallaqxana küçəsində 7 və 7a nömrəli yaşayış evlərinin ətrafında salınıb. Yasamal rayon İcra Hakimiyyəti Başçısının 1-ci müavini  Səməd İslamov sakinləri Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik etdi. Bildirdi ki, bu ünvanda zəbt olunaraq hasarlanmış bütün ərazi hasarlardan təmizlənib, qanunsuz tikililər ləğv edilib. Burada çəpərlər sökülüb, təmizlik işləri aparılaraq ərazidən tullantılar daşınıb, ağaclar budanıb əraziyə münbit torpaq gətirilərək layihələrə uyğun relyefin planlaşdırma işləri aparılıb. Əyləncə elementləri yerləşdirilmiş uşaq meydançası yaradılıb, uşaqların sevimli çizgi film personajları ilə bağlı  banerlər çəkilib. Məhəllədə söhbətgah, idman avadanlığı, oturacaqlar qoyulub, işıqlandırma sistemləri yenilənib, giriş hissələrində pilləkənlər və hərəkət məhdudiyyəti olan sakinlərin istifadəsi üçün panduslar tikilib. Mini futbol meydançası yaradılıb. Milltət vəkili Ülvi Quliyev də Prezident İlham Əliyevin  əhaliyə göstərdiyi qayğıdan danışdı. Rayon Gənclər və İdman idarəsinin rəisi İlham Səfərov isə dedi ki, idman qurğularının  salınmasında əsas məqsəd gənclərin sağlam həyat tərzi sürmələrinə, asudə vaxtlarını səmərəli keçirmələrinə nail olmaqdır.Yeni il qabağı bu cür abad məhəllələrin istifadəyə verilməsi yerli sakinlər tərəfindən sevinclə qarşılanıb. Sakinlər Prezident  İlham Əliyevə və 1-ci xanım  Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.

Qeyd edək ki, abad məhəllələrin salınmasının  əsas məqsədi ekoloji cəhətdən təmiz və abad həyətlərin modelləşdirilməsi, yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.