Cəmiyyət

“Azərbaycanda rus dili və ədəbiyyatı” jurnalının 70 illiyi qeyd olunub

28-12-2017 | 16:04        

  

Bakı Slavyan Universitetində “Azərbaycanda rus dili və ədəbiyyatı” jurnalının 70 illiyinə həsr edilmiş tədbir keçirilib.

“Azərbaycanda rus dili və ədəbiyyatı” jurnalı mədəni-ictimai nəşr kimi maraqla oxunur. Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva bildirdi ki, Rusiya ilə Azərbaycan arasında tarixən formalaşan münasibətlər zaman keçdikcə bir çox ortaq dəyərlərin yaranmasına gətirib çıxarıb. Bu gün də həmin dəyərlər müstəqil Azərbaycanın Rusiya  ilə münasibətlərinin tənzimlənməsində, iki  ölkə arasında əlaqələrin qarşılıqlı inam və etimad üzərində inkişaf etməsində mühüm rol oynayır. Rus dili əsrlər boyu xalqlar və nəsillər arasında  mədəni və mənəvi körpü olub. Realist sənətkar, mütərəqqi filosof Mirzə Fətəli Axundovdan tutmuş- böyük maarifçi Seyid Əzim Şirvaniyə, görkəmli dövlət xadimi Nəriman Nərimanova qədər əksər ziyalılarımız Azərbaycan xalqının müasir Avropa, Qərb dəyərlərinə yiyələnməsində rus dilinin əvəzolunmaz rolunu qeyd edib və bu dilin tədris edilməsini tövsiyə ediblər. Rektor ulu öndər Heydər Əliyevin bu sahədəki xidmətlərini xüsusi ilə vurğuladı. Heydər Əliyev müasir dünyada rus dilinin xüsusi əhəmiyyət daşıdığını daim qeyd edib. Hələ 1978-ci il sovet konstitusiyasında ölkəmizdə rus dili ilə bərabər, Azərbaycan dilinin işlədilməsinə dair maddənin salınmasına nail olan Heydər Əliyev bu dəfə millətlərarası ünsiyyət dili kimi rus dilinə ikinci həyat verib. Beləliklə, Müstəqil Azərbaycanın 1995-ci ildə qəbul edilmiş ilk Konstitusiyasının 25-ci maddəsi ilə  “hər kəsin ana dilindən istifadə etmək hüququ”,  “hər kəsin istədiyi dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüququ” təsbit edilib”. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən İlham Əliyev Rusiya ilə münasibətlərin inkişafına xüsusi önəm verməklə rus dilinin öyrənilməsi və tədrisi üçün dövlət səviyyəsində lazımi şəraitin yaradılmasına nail olub. Hazırda Bakı məktəblərində rus bölmələrinin sayı demək olar ki, Sovet İttifaqı dövrünün sonları ilə müqayisədə eynidir - paytaxtdakı orta məktəblərin təqribən yarısında – 324 məktəbin 155-də rus bölməsi var. Bundan əlavə, ölkəmizdə rus dilində onlarla qəzet, jurnal çıxır, elektron yayımlanır. “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov,  Millət vəkili, tanınmış yazıçı-publisist Elmira Axundova, Rusiyanın ölkəmizdəki səfirliyinin müşaviri Artyom Barkov və digər çıxış edənlər da jurnalın ötən illər ərzindəki fəaliyyətini yüksək dəyərləndirdilər. Sonra “Azərbaycanda rus dili və ədəbiyyatı” jurnalının fəaliyyəti ilə bağlı video-çarx nümayiş olundu.Tədbir tələbələrin hazırladıqları  bədii proqramla davam etdirildi.