Bölgələr

Məşhur Qarabağ xalçaları 25 ildən sonra Ağdamda toxunur

28-12-2017 | 15:09        

  

Xalq tətbiqi sənətinin ən qədim sahələrindən olan xalçaçılığın təbliği üçün ölkə başcısının verdiyi tapşırıqlar uğurla yerinə yetirilir. Xalçaçılığın zəngin ənənələrinin qorunub saxlanılmasında və inkişaf etdirilməsində mühüm rol oynayan Ağdamda uzun fasilədən sonra yenidən dünyaca məşhur Qarabağ xalçaları toxunmağa başlayıb. Xatırladaq ki, 1939-cu ildə bu nəfis sənətin daha çox inkişaf etdiyi Ağdamda xalça fabriki fəaliyyət göstərirdi. 1993-cü ildə rayonun işğalından sonra isə müəssisə fəaliyyətini dayandırdı. 25 il sonra rayona unudulmaz Qarabağ xalçaları əfsanəsi dönür. 

“Açma-yumma”, “Aran”, “Bağçadagüllər”,  “Bulud”, “Bərdə”, “Bəhmənli”, “Muğan, “Xanlıq”, “Çələbi”, “Şabalıdbuta”... Saymaqla bitməyən bu həmişəyaşar nəfis çeşnili toxumalar Qarabağ xalçaçılıq məktəbinin klassik nümunələridir. Həm adı, həm də özünəməxsus kompozisiyaları ilə bütün dünyada məşhur olar, kolleksiyaçıların az qala əldən-ələ ötürdüyü bu sənət əsərləri 25 ilə yaxın fasillədən sonra  öz beşiyinə dönməkdədir. Ağdamın Quzanlı qəsəbəsində yaşayan məcburi köçkünləri nəsildən-nəslə ötürdükləri ölməz  ənənələri unudulmaz ilmələrlə əks etdirməyə başlayıblar. Tezliklə bu işlər yenidən müxtəlif ölkələrdə sərgilənəcək. Özü də məhz “Qarabağ xalçası” brendi olaraq.

Ceyran Əliyeva - Əməkdar İncəsənət  Xadimi:

- Prezident İlham  Əliyevin sərəncamı ilə Ağdamda "Azərxalça" açıq səhmdar  cəmiyətinin rəhbərliyi altında bina inşa edilmiş, xalçaçı işləmək üçün Ağdam və qonşu rayonların əhalisi  üçün  bu  şərait  yaradılmışdır. Qarabağ  xalçaçıları adınan dərin  təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.

Dövlətin belə diqqəti, qədim sənətin YUNESKO-nun Qeyri-maddi mədəni irsləri siyahısına daxil edilməsi 150 qarabağlı sənətkarı bu möhtəşəm Qarabağ xalçalarını toxumağa daha da həvəsləndirib. Onlar deyirlər ki, özlərinin əl əməyi, göz nuru saydıqları xalçaların hər naxışında, hər çalarında doğma yurdlarına sevgilərindən damlalar da qatırlar.  "Azərxalça” ASC-nin Quzanlı qəsəbəsində inşa edilən filialda məcburi köçkün qəsəbələrindən və müxtəlif kəndlərdən gələn qadınların bu peşəyə yiyələnməsi üçün şərait də yaradılıb. Hər şey ondan ötrüdür ki, Qarabağ xalçaçılıq məktəbinin ənənələri daim yaşasın!

Dilbər  Abdullayeva - toxucu:

- Hal–hazırda toxuculuq kursunda xalçaçılıq sənətinin sirlərini öyrənirəm. Əsasən  Qarabağ çeşidlərini öyrənirik və çalışırıq ki, bu xalça barədə hər bir şeyi dəqiq  öyrənək.

Kifayət  Zeynalova – toxucu:

- Bu sənəti çox sevirəm, uşaqlıqdan arzusunda olmuşam. Bugün xalçaçılıq sənətini  davam etdirmək üçün bu şəraiti bizə yaradıblar. Ölkəmizin başcısına təşəkkür edirəm.

Füsunkar kompozisiyaları yaratmaq üçün müəssisə ən müasir dəzgahlar, avadanlıq, xammalla təmin edilib. Emalatxana, rəssam, tibb və inzibati otaqlar, yeməkxana, anbar və satış salonundan ibarət olan binada istilik və müşahidə sistemləri də qurulub. Həyətində abadlıq, yaşıllaşdırma işləri aparılıb. Hədəf hər ilməsində əfsanələr yaşadan bu xalçaları qısa zaman ərzində yenidən dünya miqyasına çıxarmaq və seyrçiləri heyran etməkdir. Xalçaçılarımızın arzularına gəldikdə isə onlar daha böyükdür: nəfis Qarabağ xalçalarını işğaldan azad edilən Qarabağ torpaqlarında toxumaq!