Siyasət

Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilən xarici siyasət prioritetləri 2018-ci ildə də davam etdiriləcək

28-12-2017 | 13:19        

  

Azərbaycan 2019-2022-ci illər üzrə Qoşulmama Hərəkatına sədrlik edəcək. Gələn il aprelin 3-dən 6-dək isə Bakıda təşkilatın nazirlər konfransı keçiriləcək. Xarici İşlər Nazirliyində ilin yekunlarına dair mətbuat konfransında bu barədə məlumat verilib. Bildirilib ki, Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilən xarici siyasət prioritetləri 2017-ci ildə də davam etdirilib.

Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilən xarici siyasət prioritetləri, ölkəmizin müvafiq qanunları əsasında beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycanın müstəqil, çoxistiqamətli, tarazlaşdırılan və fəal xarici siyasəti 2017-ci ildə də davam etdirilib. Xarici İşlər Nazirliyində ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev belə dedi. Bildirildi ki, Azərbaycanın xarici siyasəti milli maraqların beynəlxalq səviyyədə qorunması, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün aradan qaldırılması, ölkəmizin mövqeyinin daha da gücləndirilməsi, regionda təhlükəsizlik, sabitlik və əməkdaşlığın təşviqi, dünya dövlətləri ilə əlaqələrin inkişafı kimi məqsədlərə xidmət edib. 

Hikmət Hacıyev- Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri:

Azərbaycan müstəqil xarici siyasətini beynəlxalq münasibətlərdə ziddiyyətlərin kəskinləşməsi və gərginliyin artması, beynəlxalq hüququn norma və prinsiplərinin kobud pozulması ilə müşayiət olunan fəaliyyətlər, Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüzü, Azərbaycana yaxın regionlarda yeni münaqişə ocaqlarının yaranması, beynəlxalq terrorizm təhlükəsinin artması, dövlətlərin daxili işlərinə müdaxilə cəhdlərinin artması, yerləşdiyimiz regionun geosiyasi çətinlikləri, Ermənistan, erməni lobbi dairələri və onları dəstəkləyən bəlli qüvvələrin beynəlxalq informasiya məkanında Azərbaycana qarşı apardıqları dezinformasiya, təxribatlar və hibrid müharibə əməlləri şəraitində həyata keçirir.

Ermənistanın Azərbaycana qarşı təcavüzü ölkəmizin təhlükəsizliyi üçün başlıca təhdid olaraq qalır. İşğalçı ölkənin danışıqlar prosesini pozmaq, mövcud status-kvonu saxlamaq siyasəti nəticəsində Dağlıq Qarabağ münaqişəsinin siyasi həllində irəliləyiş əldə etmək mümkün olmayıb. Ancaq Azərbaycanın Minsk Qrupunun həmsədrləri və beynəlxalq ictimaiyyətlə birlikdə həyata keçirdiyi siyasi-diplomatik təzyiqlər nəticəsində ilin ikinci yarısında danışıqlar prosesində canlanma yaranıb. Ermənistanın danışıqları pozmaq cəhdlərinin qarşısı alınıb, bu ölkə danışıqlar masasına qayıtmağa vadar edilib. Prezident İlham Əliyevin iştirakı etdiyi beynəlxalq toplantılarda qəbul olunan sənədlərdə işğal faktı qətiyyətlə pislənilib. Azərbaycanın işğal olunan ərazilərinə qanunsuz səfər edən 600 əcnəbinin adı arzuolunmaz şəxslər siyahısındadır. Bu il 10 nəfər adlarının həmin siyahıdan çıxarılması xahişi ilə müraciət edib. Hikmət Hacıyev vurğuladı ki, Azərbaycan Ermənistan istisna olmaqla, qonşu dövlətlərlə mehriban qonşuluq və dostluq əlaqələrinə malikdir. Bu əlaqələr xalqlarımızın rifahı, regionda sabitlik, təhlükəsizliyin təmini naminə strateji əsasda inkişaf edir. Azərbaycanın dünya ölkələri ilə ikitərəfli əlaqələrinin inkişafında Prezident İlham Əliyevin xarici ölkələrə səfəri, digər ölkələrin dövlət və hökumət başçılarının Azərbaycana səfərləri, aparılan yüksək səviyyəli siyasi dialoq müstəsna rol oynayır. Bu il 90-dan artıq ikitərəfli beynəlxalq sənəd imzalanıb. Beynəlxalq təşkilatlar və çoxtərəfli əsasda fəal diplomatik iş davam etdirilib. Hikmət Hacıyev onu da dedi ki, Azərbaycan 2019-2022-ci illər üzrə Qoşulmama Hərəkatına sədrlik edəcək. Ölkəmizin gələn il Qoşulmama Hərəkatının növbəti nazirlər konfransına ev sahibliyi ilə bağlı təklifi üzv dövlətlər tərəfindən dəstəklənib. Gələn il aprelin 3-dən 6-dək Bakıda keçiriləcək toplantıya hazırlıq işləri görülür.