Bölgələr

Ucarda 11 kəndin 21 min sakini keyfiyyətli içməli su ilə təmin olunub

28-12-2017 | 12:21        

  

Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il ərəfəsində Ucar rayonunda 21 minədək kənd sakini keyfiyyətli içməli su ilə təmin edilib. “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” prezident İlham Əliyevin sərəncamına uyğun olaraq 11 kəndə su xətlərinin çəkilişi yekunlaşdırılıb.

Su çəkmək, yol salmaq, körpü tikmək hələ qədim zamanlardan elimizdə  ən savab işlərdən sayılıb və səbəbkarların adı da həmişə belə alqışla qeyd olunub. Axı su – həqiqətən rahatlıq, bərəkət, bir sözlə - həyat bəxş edir. Artıq Ucarın Pirkənd, Qaracalı, Türkəçi, Küçəkənd, Təzə Şilyan, Müsüslü, Qarabörk, Xələc, Yuxarı Şilyan, Quləbənd və Alpı kəndlərinin sakinləri də bulaq tək şəffaf, keyfiyyətli  içməli suyun sevinci yaşayırlar. Belə ki, Küllülü su mənbəyindən Ucar şəhərinə çəkilən magistral kəmərdən həmin kəndlərə yeni su xətti ayrılıb və yaşayış məntəqələrində paylayıcı sistem qurulub.

Anar Cəbrayıllı - “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri:

- 44 kilometr uzunluğunda su xətləri çəkilmiş, 93 ədəd bulaq quraşdırılmışdır. Bununlada rayonun 11 kəndinin 21 min sakini Külüllü su mənbəyinin keyfiyyətli və dayanıqlı suyu ilə təmin olunmuşdur.

Bununla da  sakinlərin içməli su ilə bağlı çətinliklərinə son qoyulub. Axı yerli əhali indiyə qədər kanallardan götürülən suyu duruldaraq istifadə edirdilər.

Nurəddin Xəlilov - sakin:

- Cənab prezidentə bu günkü gündə mən böyük minnətdarlıq eliyirəm. Ona görə ki, bu əziz günlərdə bizə belə bir töhfə verib. Biz ona 5 min əhali adından bir daha minnətdar oluruq. Çünki su aydınlıqdır.

Kəndlərə içməli suyun verilməsi münasibətilə Müsüslü  kəndində təşkil olunan mərasimdə Ucar rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov regionlarda həyata keçirilən sosial infrastruktur layihələrinin əhəmiyyətindən danışıb. Bildirib ki, Şirvan bölgəsində yerləşən Ucar rayonunda məhsuldar su mənbələri olmadığından içməli su təchizatı həmişə aktual olub. Amma son illər həyata keçirilən layihələr çərçivəsində rayon mərkəzi ilə yanaşı, bəzi kəndlərə də keyfiyyətli içməli su verilib. “Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı” çərçivəsində icra olunan içməli su layihələri barədə  məlumat verən “Azərsu” ASC-nin sədr müavini Seymur Seyidov bildirib ki, Külüllü su qurğuları kompleksinin tikintisi və ətraf rayonlara magistral su xətlərinin çəkilməsi Şirvan bölgəsində 200 minədək sakinin keyfiyyətli içməli su ilə təminatına imkan yaradıb. Bu imkandan istifadə olunmaqla pPrezident İlham Əliyevin əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncamına əsasən 28 rayonun 170 kəndində su təchizatı infrastrukturu yaradılıb və 271 mindən artıq sakin içməli su ilə təmin olunub.