İqtisadiyyat

Azərbaycan narının ixrac coğrafiyası genişlənir

28-12-2017 | 10:34        

  

Ekoloji təmizliyi və dadına görə seçilən ölkəmizin kənd təsərrüfatı məhsulları hər zaman  beynəlxalq bazarların diqqət mərkəzində olub. Belə məhsullardan biri də Azərbaycanda istehsal olunan nar və nar məhsullarıdır. Azərbaycan narı bu gün daha çox MDB və Şərqi Avropa ölkələrinə ixrac olunur. 2018-ci ildən isə ixrac coğrafiyası daha da genişlənəcək.

Nar və nar məhsullarının xarici bazarlara ixracında son illərdə artım müşahidə edilir. Bu da Azərbaycan narına daha çox tələbatın olmasını göstərir.  Bu yaxınlarda Ərəb ölkələrində Made in Azerbaycan brendli məhsulların ixrac missiyasının  keçirilməsi  və bir sıra müqavilələrin  bağlanmasından sonra nar məhsullarının ilin bütün aylarında həmin ölkələrə ixracına başlanılıb. Azərbaycan tərəfindən Avropa bazarlarına çıxmaq üçün yeni sertifikatların alınması, eləcə də Avropa, ABŞ və Kanada bazarlarına məhsullarımızın ixracı planlaşdırırılır. Azərbaycanda yetişdirilən nar sortları digər ölkələrdə yetişən narlardan daha zəngin hesab olunur. Belə ki, dünyada narın müxtəlif sortlarının olmasına baxmayaraq, Azərbaycanda daha çox tanınan gülövşə və kral nar sortları sağlamlıq və tərkibində olan vitaminlərin çoxluğu baxımından daha faydalıdır. Azərbaycan narının beynəlxalq bazarlarda tələbatının səbəblərdən biri də ölkəmizdə narın vətəni hesab edilən Göyçayda hər il keçirilən nar bayramıdır. Bu festival ölkə məhsulunun dünyada təbliği istiqamətində mühüm əhəmiyyət kəsb edir. Xarici medianın və turislərin diqqət mərkəzində olan festival təbii sərvətimizin dünya bazarında tanınmasına və tələbatına zəmin yaradır.